İllərin unutdurmadığı Banişevski
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində ikinci yazını təqdim edir.
II dünya müharibəsinin vurduğu zərbələr
1941-ci ilin 22 iyununda faşist Almaniyası Hitlerin ildırım sürətli işğal planının tərkib hissəsi kimi SSRİ-yə hücum etdi. Həmin gün başlayan amansız savaş 4 il ərzində Azərbaycan da daxil olmaqla keçmiş ittifaqa daxil olan respublikalara ciddi zərbə vurdu. Sözsüz ki, futbol da bu zərbələrdən “öz payını aldı”. “Neftyanik”in yaranması ilə dirçəlməyə başlayan Azərbaycan futbolu müharibənin qurbanlarından birinə çevrilmişdi. Ölüm-qalım savaşı verən, mənfur düşmənlə mübarizəyə bütün qüvvələrini səfərbər edən ölkədə top oyunu kimin yadına düşərdi?!
Sovet ordusunun Berlinə qədər irəliləməsi nəticəsində II dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. Və tezliklə Azərbaycanda da digər Sovet Sosialist Respublikaları kimi həyat öz normal axarında dönməyə başladı.
Azərbaycan təmsilçisi “Neftyanik” 1949-cu ildən SSRİ çempionatının Güclülər dəstəsində çıxış etməyə başlasa da, orda öz yerini möhkəmlədə bilmirdi. Uzun müddət bu belə də davam etdi. Respublika rəhbərliyi problemin səbəblərini tapmaq üçün çox da əziyyət çəkmədi. Məlum oldu ki, “Neftyanik”in, yəni həm də Azərbaycan futbolunun ən böyük problemi sabitliyin olmamasıdır. Müxtəlif millətlərin nümayəndələri qəlbən “Neftyanik”ə bağlı olmur, ayaqları top tutmağa başlayandan sonra bir qədər məşhurlaşıb, Moskva klublarına üz tuturdular. Belədə, Bakıda hər şeyi “0”-dan başlamaq lazım gəlirdi. Çıxış yolu bütün Azərbaycanı əhatə edəcək yeni tədbirlər planı həyata keçirmək, yeniyetmə və gənclərin kütləvi şəkildə futbolla maraqlanmasına, məşğələlərə cəlb olunmasına çalışmaqdan keçirdi. İstedadı ilə seçilənlər xüsusi nəzarətə götürələcək və “Neftyanik”ə sadiq qalacaq yeni bir nəsil yetişdiriləcəkdi. Azərbaycan futbolunun bütün dünyaya səs salacaq “ulduzlara”a ehtiyacı var idı.
Razində parlayan “ulduz”
1946-cı ilin fevralın 23-də Bakıda sadə bir molokan ailəsində dünyaya gələn oğlan uşağının gələcəkdə bütün dünyada məşhur olacağını kimsə təxmin edə bilməzdi. Uşağın atası Andrey Banişevski özü ətrafdakılardan xüsusi hansısa istedadına görə fərqlənmirdi. Müharibənin çətinlikləri onların ailəsinə də öz təsirini göstərmişdi. Ailənin Tolik, yəni Anatoli adlandırdığı oğlan uşağı cəmi 16 il sonra təkcə Bakıda deyil, bütün SSRİ-də tanınmağa başladı. Çünki ilk dəfə məhz 16 yaşında Anatolini Bakının “Neftyanik” komandasının heyətinə dəvət etdilər. Bu dəvətə səbəb isə, Banişevskinin o vaxt Razin adlanan, indiki Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Lenin komsomolu” stadionunda göstərdiyi məharət idi.
Futbolla məşğul olmağa “Lokomotiv”da başlayan Anatoli belə tezliklə “Neftyanik”dən dəvət alacağını gözləmirdi də. Hər şey bircə anda dəyişdi. “Lokomotiv”in “Spartak”ı 4:3 hesabıyla məğlub etdiyi oyunda 16 yaşlı Banişevski “dəmiryolçular”ın qollarından üçünün müəllifi oldu. Taleyin qismətidir ki, həmin qarşılaşmanı “Neftyanik”in məşqçiləri Boris Arkadyevlə Ələkbər Məmmədov da izləyirdi. Onlar meydanda möcüzələr yaradan yeniyetməni dərhal digərlərindən fərqləndirdilər və 90 dəqiqə ərzində gözlərini bir an olsun belə həmin oğlandan çəkmədilər. “Hədəf” özünü doğrultmuşdu. Banişevski vurduğu 3 qolla faktiki olaraq görüşün taleyini təkbaşına həll etmişdi. Həmin vaxt “Neftyanik” Azərbaycan seçmə komandası statusunda idi və bütün digər klubların əsas məqsədi “xalq komandası” üçün futbolçu yetişdirmək sayılırdı. Buna görə də Banişevskinin “Lokomotiv”i “Neftyanik”ə dəyişməsi elə də uzun sürən və bürokratik əngəllərə rast gələn proses olmadı. Qısa müddətdə yeni kollektivə isinişən Banişevski artıq 17 yaşında Azərbaycanın 1 nömrəli komandasının əsas heyətində meydana çıxdı. Hadisələri qabaqlayaraq vurğulayaq ki, Banişevskinin 1963-cü ildə başlayan “Neftyanik” karyerası düz 15 il davam etdi. 1978-ci ilə qədər “ağ-qara” formanı geyinən Anatoli bu rənglərə sadiqliyi ilə hər kəsə nümunə oldu.
Futbolumuzun ən sadiq “Neftçi”lisi
Banişevski “Neftçi”nin bürünc medalları qazandığı ildə vurduğu 12 qolla komandanın qələbələrinə böyük töhfə vermişdi. Nərəzə almaq lazımdır ki, həmin ərəfələrdə Anatoli Andreyeviç SSRİ yığma komandasının da əsas heyət üzvü sayılır və tez-tez yığmanın məşqçilərinin dəvəti əsasında “Neftçi”nin düşərgəsindən ayrılırdı.
1963-cü ildə “Neftçi”nin əsas komandasında debüt edən Banişevski “ağ-qara” forma ilə SSRİ Güclülər dəstəsində 212 dəfə meydana çıxıb və bu oyunlarda 81 qolun müəllifi olub. Ən maraqlısı odur ki, “Neftçi” güclülərin sırasını tərk edib, aşağı diviziona yollananda belə, Banişevski komandadan ayrılmayıb, elitaya vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparıb. Elə bu səbəbdən də istedadlı hücumçu “Neftçi” ilə birlikdə aşağı dəstədə 76 oyun keçirib və bu qarşılaşmalarda rəqib qapısının torunu 40 dəfə silkələyib.
Qeyd edək ki, Banişevskinin “Neftçi” üçün etdikləri respublika rəhbərliyinin də diqqətindən kənarda qalmayıb, onun əməyi daim yüksək qiymətləndirilib. 1966-cı ildə “Neftyanik” SSRİ çempionatında bürünc medalları qazanandan sonra Banişevskiyə Bakının mərkəzində yerləşən mənzil hədiyyə olunub. Həmin vaxt mənzilin açarlarını Dövlət Təhlükəsizlik Xidmətində çalışan Heydər Əliyev Banişevskiyə şəxsən təqdim edirb.
“Neftçi”dəki çıxışın 3-cü ilində Banişevski SSRİ yığma komandasının məşqçilərinin də diqqətini cəlb edir və artıq 19 yaşında ona dəvət göndərilir. Nikolay Morozov tərəfindən SSRİ yığmasına çağırılan bakılı oğlan 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununun 75-ci dəqiqəsində meydana daxil olur. Tezliklə yığmanın heyətində qol hesabını da açan Banişevski birdən-birə 3 qol vurmaqla öz bacarığını ortaya qoyur. Onun məşhur “Marakana” stadionunda Braziliya millisinin qapısına uzaq məsafədən vurduğu qol dövrünün futbol şedevrlərindən hesab edilirdi. Banişevski 50 oyuna 19 qol vurduğu SSRİ yığmasının heyətində 1966-cı ilin dünya çempionatına, 68 və 72-ci illərdə isə Avropa çempionatına qatılıb. 1972-ci ildəki qitə çempionatını Banişevskili SSRİ komandası gümüş mükafatla başa vurmuşdu.
Futbolçu kimi uğurlu, məşqçi kimi uğursuz
Banişevski 1978-ci ilin sonlarında karyerasının bitirdi. Əslində, onun kimi istedad sahibi daha uzun müddət yaşıl meydanlarda xarüqələr yarada bilərdi. Amma, idman rejimini qorumaması Banişevskinin əsas problemlərindən biri idi. Zərərli vərdişlərə hədsiz meyilli olması, spirtli içkilərdən imtina edə bilməməsi, onun təkcə karyerasına yox, səhhətinə də ciddi zərbə vurdu. Məhz bunun nəticəsi idi ki, artıq 33 yaşında Banişevskidə şəkər xəstəliyinin əlamətləri hiss olunmağa başladı. Bir tərəfdən xəstəlik, bir tərəfdən işsizlik bütün respublikanın fəxrinə çevrilmiş bir insan üçün ciddi fəsadlar yaratdı. Məhz bu məqamda Tolik ətrafdakıların təkidli məsləhətləri ilə özünü məşqçilikdə sınamağa başlayır. 1981-ci ildən 83-cü ilə qədər “Neftçi”ni çalışdıran Banişevski oradan ayrıldıqdan sonra Bakıdan uzaqlara yollanır.
Günəşin qürub etməsi və ya biz onu qoruya bilmədik...
Bəlkə də gələcək faciələrinin də əsasını o, Burkina-Fasoda çalışmağa razılıq verməklə qoyur. 1984-cü ildə Afrikaya yollanan Anatoli Andreyeviç 4 il sonra oradan daha ağır xəstəliklə qayıdır. Ölkənin gənclərdən ibarət milli komandasının oyunu zamanı dövlət çevrilişi baş verir və onun gözlərinin qarşısında dövlət başçısı üsyançılar tərəfindən qətlə yetirilir. Qəfil baş verən hadisələrdən xeyli həyacanlanan Banişevskinin şəkər xəstəliyi məhz həmin hadisədən sonra daha da şiddətlənir.
Banişevski Afrikadan qayıdarkən artıq Bakıda da ictimai-siyasi vəziyyət xeyli pisləşmişdi. Dağlıq Qarabağda müharibə, paytaxtda isə aramsız nümayiş və mitinqlər başlamışdı. Belə məqamda da Banişevskiylə daha yaxından maraqlanmaq, onun xəstəliyinin müailəcəsiylə məşğul olmaq heç kimin yadına düşmədi. Yoxsa, futbol əfsanəsini qorumaq, amansız xəstəliyin cəngindən xilas etmək mümkün idi.
Bakıya döndükdən sonra müalicəsiylə ciddi məşğul olmaması, həkimlərin tələb etdiyi pəhriz qaydalarına əməl etməməsi, onun səhhətini daha da pisləşdirir, ömür qatarını sonuncu dayanacağa sürətlə yaxınlaşdırırdı. Amansız xəstəlik onu sevimli futboldan da ayrı salır, səhhətindəki problemlər məşqçi kimi çalışmasına imkan vermir. Həyat yoldaşı, 1966-cı ildən onun ömür-gün yoldaşı olmuş İrina Banişevskaya nəql edridi ki, yaddaşının pozulmasına görə bəzən evdən çıxır və hara gedəcəyini də unudurdu. Evə dönərkən çətinlik çəkəndə ətrafdakıların ona kömək etməsi üçün ünvanı yazılmış kağız parçasını həmişə cibində gəzdirirmiş...
1990-cı ildə Banişevskiyə beynəlxalq dərəcəli idman ustası adı verilir. Bir il sonra isə SSRİ-nin əməkdar idman ustası adına layiq görülür. 6 dekabr 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə Anatoli Banişevski “Şöhrət” ordeniylə mükafatlandırılır.
Bütün bu fəxri adlar onu həyatda saxlamaq üçün yetərli deyildi. Artıq pankreatit və şəkər xəstəlikləri öz işini görmüşdü. 1997-ci ilin soyuq 10 dekabr günündə, Azərbaycan futbolunun fenomenal siması ömrünün 51-ci qışında gözlərini əbədi yumdu. Onun məzarı Bakıdakı II Fəxri Xiyabandadır.
2003-cü ildə UEFA-nın 50 illik yubileyi şərəfinə quruma üzv olan ölkələrin ən yaxşı futbolçularının adları açıqlanırdı. AFFA tam yekdilliklə həmin siyahıya Banişevskinin adını daxil etmişdi. 2007-ci ilin fevralından bəri, respublika prezidenti İlham Əliyevin sərəncamı ilə onun yaşadığı evin qarşısına xatirə löhvəsi vurulub.
Əfsanənin davamçısı olacaqmı?
Banişevskinin 1966-cı ildə ailə həyatı qurduğu İrina Banişevskaya ilə evliliyindən Milena və Marina adlı iki qız övladı dünyaya gəlib. Onun futbolçu istedadı isə, Marina xanımın 1996-cı i təvəllüdlü oğlu Əliyə keçib. Əli Babayevin adı 2011-ci ildən sonra idman mətbuatında tez-tez çəkilməyə başlamışdı. “Neftçi”nin aşağı yaş qruplarında yetişən Əli 2014-cü ildə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinə də dəvət edildi. Amma təəssüflər olsun ki, Əli Babayev babası qədər parlaya, Azərbaycan futbolunun səmasında ulduz kimi parlaya bilmədi.
Nənəsi İrina Banişevskayanın müsahibələrininn birində Əli haqda dediklərinə diqqət etsək, bunun səbəbini də görərik: “Əlinin futbola sevgisi 3 yaşıdan başlayıb. Bir dəqiqə də olsun topsuz dayanmırdı. Yoldaşım rəhmətə gedəndə onun 1 yaşı təzəcə tamam olmuşdu. Ailəmizdə həmişə futbol ab-havası hökm sürüb. Banişevskidən sonra onun futbolla məşğul olması həmin ab-havanı yenidən qaytardı. Necə futbolçu olacağını deyə bilmərəm. Amma bir az tənbəldi. Hərdən səhər məşqə getməmək üçün bəhanələr uydurur. Harasınınsa ağrıdığını deyir. Məni aldatmaq olmaz. Çünki futbolçunun həyat yoldaşı olmuşam. Özü də necə bir futbolçunun...”
Məhz bunun nəticəsidir ki, “Neftçi”də möhkəmlənə bilməyən Əli bir müddət aşağı divizion təmsilçisi “Şuşa”da göründü. Orda da xüsusi nə iləsə fərqlənmədi. Hazırda “Neftçi”nin əvəzedici komandasının və U-19-un bəzi məşqləri zamanı Babayevi topun arxasınca qaçarkən görmək mümkündür. Amma, onun adı rəsmən heç bir komandanın heyətinə daxil edilməyib...
Banişevskinin nəvəsi "Neftçi"dən şans gözləyir...
Banişevskinin nəvəsini axtarıb-tapmaq elə də asan olmadı. Ümumiyyətlə, onun barəsində sonuncu informasiya aşağı divizion təmsilçisi "Şuşa"da oynaması barədə idi. Sonradan onu öyrəndik ki, "Neftçi"nin əvəzedici komandasıyla məşqlərə çıxır. Qalanını isə öz dilindən eşidək. SportLine.az-ın suallarını Əli həvəslə cavablandırdı: "Bəli, mən bizim nəsildə babamın yolunu davam etdirən yeganə futbolçuyam. Əfsanəvi Banişevskinin kiçik qızının oğluyam. Nənəm həmişə mənim babam kimi futbol oynadığımı deyirdi. Amma, hələlik onun qədər məşhur deyiləm. Xalamın bir oğlu var. O, topun yox, təhsilin arxasınca getdi. Hazırda xaricdə təhsil alır. Məndən başqa bizim ailədə bir də bacım var.
İlk vaxtlar mənim üçün hər şey yaxşı idi. "Neftçi"nin məşqçilərindən futbolun sirlərini öyrəndim. Onlar gələcəkdə yaxşı futbolçu olacağımı deyirdilər. Son 2-3 ildə işlərim qaydasında getmir. "Şuşa"da çıxış edərkən U-19 millisinə də çağırılmışdım. Nə baş verdisə, uğursuz günlər başladı. Zədələndim, formadan düşdüm.
"Neftçi"də əvəzedici heyətdə Samir Əliyevin rəhbərliyi altında məşq edirəm. Bu mövsüm komandamız 3-cü oldu. Heyif ki, zədəmə görə adım iştirak ərizəsinə daxil edilməmişdi. Yanvardan sonra heç bir rəsmi oyunda meydana çıxmamışam. İndi hər şey yaxşıdı. Şansımı gözləyirəm. İstəyirəm ki, "Neftçi"nin formasıyla Premyer Liqada oynayım. Alınmasa, başqa təklifləri dəyərləndirəcəm. Həm ölkə klublarından, həm də xaricdən mənə təkliflər var. Sübut etməliyəm ki, Banişevskinin nəvəsi də futbol oynamağı bacarır".
Əli Babayevin sözlərində özünəinam hissi duyulmaya bilməz. Babasının davamçısı olub-olmayacağını isə, zaman göstərəcək. Təəssüf ki, Banişevski kimi futbolçular yüz ildən bir doğulur.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir