Kərim Diniyev: "Hər kəsə atam kimi valideyn arzu edirəm"
“Kəpəz”in saytının ənənəvi “Tam sərbəst” rubrikasının növbəti qonağı Kərim Diniyev olub. SportLine.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi - Şahin Diniyevin oğlu Kərim maraqlı açıqlamalarla yadda qalıb:
Şahin Diniyev ata kimi
“Şahin müəllim “Kəpəz”in baş məşqçisi kimi həm mənim məşqçim, futboldan kənarda isə həm də atam, valideynimdi. Övladı kimi üzərimdə çox zəhməti, əziyyəti olub. Ona hörmətim böyükdü. Səmimi, dürüst, yalanı sevməyən insandı. Necə görünürsə, elə də biridi. Əsas da vicdanlı adamdı. Heç kimə pisliyi dəyməyib. Valideyn kimi çox yaxşıdı, hər bir uşağa belə bir ata arzulayıram. Atam bizim üçün arxadı. Aramızda həmişə pərdə olub. Çox mövzularda onunla məsləhətləşmişəm, onun fikirlərinə hörmətlə yanaşaraq tövsiyyələrini eşitmişəm. Həm futbol, həm də şəxsi həyatımla bağlı müzakirələrimiz olub. Atam ailədə bizə “siz seçiminizi edin, mən qərarlarınıza hörmətlə yanaşıb, dəstək verəcəm” deyib. O, övladlarına inanır, başa düşür ki, düzgün olanı seçə bilərik. Ona görə də arxamızdadı. Amma verdiyim qərarlarda son söz atama məxsusdu. “Yox” deyəcəksə, deməli, belə də olmalıdı. Ata sözü bizim üçün qanundu”.
Mehriban “düşmən”
“Qardaşım Coşqun da atam və mənin kimi futbolun yolunu tutub, “Qarabağ”da çıxış edir. Onunla çox yaxınıq, həm qardaşımdı, həm də yaxın dostum. Həyatda dost kimi mənə yaxın olan iki insan var, onlardan biri qardaşımdı. Bir-birimizə arxa-dayağıq. Yəni münasibətlərimiz o qədər yaxşıdı. Qardaş olsaq da, onunla meydanda rəqibik (gülümsəyir). Aramızda rəqabət var. Komandalarımız qarşılaşmamışdan öncə aramızda zarafatyana atmacalar olur. Bu mövsüm “Qarabağ”la Gəncədəki ev oyunundan əvvəl “gəlib sizi udacağıq” söyləmişdi. Ona dedim ki, mümkün olası iş deyil. Sevinirəm ki, Ağdam klubuna da uduzmadıq. Coşqunun yanında başıaşağı olmadım”.
Gəzməyə qərib ölkə
“İstirahət etməyi sevən birisiyəm. Məşqlərdən sonra evə gəlirəm, ailəliyəm. Çox vaxt evdə oluram. Dostumla və Coşqunla görüşürəm, nərd, pleysteyşn oynayırıq. Futboldan kənar zamanımı ailəyə, dostlara sərf edirəm. Tətil vaxtlarında imkan olarsa, ölkə xaricinə üz tutmağa üstünlük verirəm. Futbolla bağlı demək olar ki, Avropanın əksər ölkələrində olmuşam. İstirahətə gəlincə, Çexiya, Türkiyə və Gürcüstanda dincəlmişəm. Ən çox qardaş ölkədə keçirdiyim günlər ürəyimcə olub. Antalyada yerləşdiyim məkan, xidmət səviyyəsi məni tam qane edib”.
Kişi sözü
“Kişinin ağzı bütöv, sözü dəyərli olmalıdı. Verdiyi sözün, vədin üstündə durmağı bacarmalıdı, mən belə fikirləşirəm. Özüm nəsə bir söz verməmişdən əvvəl düşünürəm, qərarlaşdırıram, sonra deyirəm. Çünki dediyim kimi, bunun arxasında durmaq, əməl etmək var. Kişi söz verdisə, yerinə yetirməlidi. Bu günə qədər verdiyim hər bir sözün üstündə dayanmışam. Bunu məni tanıyan insanlar yaxşı bilir”.
Ən yaxşı aşbazlar kişilərdi
“Kişilərin ən yaxşı aşbaz olduğunu eşitmişəm. Amma bunun mənə aidiyyatı yoxdu (gülür). Mətbəxdə bacardığım bir iş yoxdu, ən yaxşı halda yumurta bişirə bilərəm. Bunu da yəqin ki, bütün kişilər bacarır, böyük bir şey deyil. Kişi əlinin duzunu kabab yeməklərində dadmışam. Hər bir azərbaycanlı kimi mən də kababı xoşlayıram. Tez-tez olmasa da, fürsət düşəndə yeyirəm. Dana ətinin basdırmasını və toyuq kababını xoşlayıram. Kişinin ürəyinə gedən yol mədədən keçir? Razıyam, məncə, bu bizim kişilərimiz üçün keçərlidi (gülür). Mənim çəki ilə bağlı problemim olur, çünki tez kökəlməyə meylliyəm. Ona görə çalışıram ki, yağlı yeməklərdən uzaq olum. Şükür Allaha ki, bu vaxta kimi çıxış etdiyim klublarda çəkimlə bağlı mənə irad bildirən məşqçi olmayıb. Özüm çəkimə fikir vermişəm, çəki normamı qorumağa çalışmışam. Bir az artan kimi bəhriz saxlayıram. Futbolçu gərək özünə fikir versin”.