"Lids Yunayted" - "Aston Villa" matçında maraqlı hadisə

İngiltərənin 2-ci divizionu Çempionşipdə “Lids Yunayted” “Aston villa” görüşündə maraqlı hadisə baş verib.

Sportline.az xəbər verir ki, premyer liqaya vəsiqə  uğrunda mübarizə aparan  komandaların oyununda  hesabı 72-ci dəqiqədə “Lids” futbolçuları açıblar. Lakin Mateuş Klixin qolundan sonra meydanda vəziyyət gərginləşib. Belə ki, “Aston Villa” oyunçuları hücum zamanı Conatan Kodjianın zədələndiyini və Lidsin feyr-pley qaydalarına zidd olaraq hücumu davam etdirdiyini bildiriblər.

Yaranan mübahisəli vəziyyətdə “Aston Villa”nın üzvü Ənvər El Qazi qırmızı vərəqə ilə cəzalandırılıb. “Lids”in baş məşqçisi Marselo Byelsa isə futbolçularından rəqibin qol vurmasına imkan vermələrini tələb edib. Müqavimətlə üzləşməyən Albert Adoma topu qapıdan keçirib və qalan vaxtda qol olmadığından görüş 1-1 hesabı ilə başa çatıb. Qeyd edək ki,  “Lids Yunayted” qalib gələ bilmədiyinə görə Premyer Liqaya birbaşa vəsiqə qazanmaq imkanını itirib. Komanda pley-off görüşlərində qüvvəsini sınayacaq.