"Milan"dan daha iki transfer

İtaliyanın “Milan” klubu heyətinə iki yeni futbolçu qatıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki,“Bordo”dan Yasin Adli, “Krotone”dən isə Junior Messias transfer olunub.

Messias 2021/22 mövsümünün sonuna kimi transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürülüb. “Milan” 30 yaşlı braziliyalı hücumçu üçün 2,6 milyon avro ödəyib. 
 
Messias karyerası ərzində 187 matça çıxıb, 40 qol vurub, 14 məhsuldar ötürmə edib. O, 2019-cu ildən “Krotone”də forma geyinir.
 
Yasin Adli isə birdəfəlik transfer olunub. Milanlılar 21 yaşlı fransız futbolçu üçün 8 milyon avro ödəyiblər. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
İtaliya klubu Adlini yenidən “Bordo”ya icarəyə verib. Fransalı futbolçu 2021/22 mövsümünü “Bordo”da keçirəcək.
 
Qeyd edək ki, Adli PSJ-nin yetirməsidir. O, 2019-cu ildən “Bordo”da forma geyinib.