Millini Almaniyada 400-ə yaxın azarkeş dəstəkləyəcək
Azərbaycan seçmə komandası sabah DÇ-2018-in təsnifat mərhələsində son matçına çıxacaq. Komandamızı Almaniya ilə səfər oyununda 400-ə yaxın azarkeş dəstəkləyəcək. Bu haqda Sportline.az saytına Avropada fəaliyyət göstərən "Milli dəstə" azarkeş qrupunun rəhbəri Şamil Mustafayev məlumat verib. Onun sözlərinə görə, 130 nəfər qrup üzvü ilə yanaşı, diaspora və səfirlik xətti ilə də xeyli azarkeşin millini tribunadan dəstəkləyəcəyi gözlənilir. Xatırladaq ki, Kayzerslautern şəhərinin "Frits Valter" stadionunda keçiriləcək Almaniya-Azərbaycan görüşü, sabah saat 22-45-də başlanacaq.