"Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib. Mərasimdə sonuncu yarış gününün qaliblərinə mükafatlar təqdim edilib.
Sportline.az xəbər verir ki, qaliblərə medalları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) vitse-prezidenti Fərid Əmirov, AKAF-ın baş katibi Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, "Kür" Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova təqdim edib.
Qeyd edək ki, beynəlxalq reqatada 12 ölkədən 100-dək idmançı mübarizə aparıb.
Yarışın yekun nəticələrinə əsasən Azərbaycan komandası beynəlxalq reqatanı 24 (6 qızıl, 9 gümüş, 9 bürünc) medalla başa vurub.
Komandamız bu nəticə ilə həm akademik avarçəkmə, həm də kayak kanoe növündə birinci yeri tutaraq kuboka sahib olub.