Nazim Süleymanov - 52
Bu gün Azərbaycan futbolunun ən parlaq simalarından Nazim Süleymanovun doğum günüdür. SportLine.az xəbər verir ki, veteran futbolçu 52 yaşına qədəm qoyur.
Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt oyununa çıxıb.
İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Mingəçevirin "Avtomobilçi" klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası "Neftçi" klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1995-ci ildə "Alaniya" ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov, eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. N.Süleymanovun karyerasında Moskva "Spartak"ı və "Jemçujina" kimi klubların da adı var.
Ümumilikdə karyerası ərzində 386 oyuna çıxan N.Süleymanov 100 dəfə rəqib qapısına yol tapıb.
Milli komandanın da formasını geyən unudulmaz futbolçu 24 görüşdə 5 dəfə fərqlənməyi bacarıb.
Karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərib.
52 yaşına qədəm qoyan Nazim Süleymanova möhkəm can sağlığı və yeni-yeni uğurlar arzu edirik.