"Neftçi" məğlub oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Sportline.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan XI turun ilk matçı “Murov” və MOİK komandaları arasında baş tutub. 

Keçirdiyi bütün görüşlərdə qalib gələn  “Murov” bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə daha 3 xal  yazdırıb. 

Turun son matçı isə “Xarı bülbül” və “Neftçi” klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. “Xarı bülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq  meydandan qalib ayrılıb - 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12).

Beləliklə, XI turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
 
XI tur 
“Murov” - MOİK 3:0 (25:16, 25:14, 25:16)
“Xarı bülbül” - “Neftçi” 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12)