Özü təsdiqlədi. "Fənərbağça"nı o çalışdıracaq
"Fənərbağça"nın yeni baş məşqçisi məsələsinə aydınlıq gəlməkdədir. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi gözlənildiyi kimi, Aykut Kocamana həvalə olunacaq. Bu barədə 52 yaşlı mütəxəssis özü açıqlama verib: "Fənərbaxça"da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. Rəsmi açıqlama "Qalatasaray"la keçirəcəyimiz oyundan sonra veriləcək".
Aykut Kocamanın başçılıq etdiyi "Konyaspor" bugünlərdə "Başakşəhər" üzərində çətin qələbə ilə Türkiyə Kubokuna sahib çıxıb. Konya klubu bu gün Kocamanın rəhbərliyi ilə "Qalatasaray"a qarşı son oyununa çıxacaq.
Xatırladaq ki, 1988-1996-cı illərdə "Fənərbaxça"da oynamış Aykut Kocaman 2010-2013-cü illərdə komandanın baş məşqçisi olub. "Fənərbaxça" onun rəhbərliyi altında Türkiyə çempionluğunu (2011), iki dəfə ölkə kubokunu (2012, 2013) qazanıb və Avropa Liqasında yarımfinala yüksəlib (2013).