Prosineçki sloveniyalılarla danışıq aparıb

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Sloveniya seçməsini çalışdıra bilər. Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı müqabilində bu postu tutmağa hazır olduğunu bildirib. Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bu məbləği ödəmək iqtidarında olmadıqlarını bildirib: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. NZS-in maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti ödəyə bilmərik".

Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə Robert Prosineçki ilə yanaşı, İvitsa Osim, Çiro Blajeviç, Matyaj Kek, Saffet Suşiç və Marsel Koler də namizəd göstərilir. NZS-in illik əmək haqqı maksimum 300 min avro olan baş məşqçi axtarışında olduğu bildirilir.