"Qalatasaray"da gərginlik: Aktürkoğlu baş məşqçiyə etiraz etdi

Türkiyə Superliqasının 33-cü turunda keçirilən "Qalatasaray" - "Yeni Malatyaspor" (2:0) matçında baş verən insident diqqət çəkib.

Sportline.az xəbər verir ki, oyunun bitməsinə az qalmış meydan sahiblərinin ehtiyat oyunçular skamyasının qarşısında gərginlik yaranıb.

Qarşılaşmaya ilk "11-lik"də başlayan Kerem Aktürkoğlu 84-cü dəqiqədə əvəzlənərkən baş məşqçi Domenek Torrentə əsəbi halda etiraz edib.

Mimika və jestlərindən narazılığını bildirən Keremi sakitləşdirmək üçün Torrent oyunçusunu qucaqlayıb.

Oyundan sonra futbolçu yaşananları belə şərh edib: 

"Mən böyüklərə qarşı kobudluq etmirəm. Anlaşılmazlıq olarsa, üzr istəyirəm, amma məşqçi ilə heç bir problemimiz yoxdur. 

Hələ keçən həftə zədəm tam sağalmadan "Fənərbağça" ilə oyuna getmişdim, bu matçda da həmçinin. Ağrılarım olduğu üçün iynələrlə oynayırdım. Baş məşqçiyə dedim ki, bu gün 70 dəqiqə oynaya bilərəm. Bir qədər əvvəlki kimi zərbə vurmağım təhlükəli idi, zədəmi təzələyə bilərdim. Məşqçi də məndən bu epizoda görə ayağımın necə olduğunu soruşdu. Ağrımın olmadığını, o zərbəni mütləq vurmalı olduğumu söylədim. Yəni epizodla bağlı danışdıq".

Torrent isə futbolda belə anların yaşanmasının təbii olduğunu bildirib:

"Kerem hər oyunda üzərinə inanılmaz yük götürən oyunçudur. Ondan necə olduğunu soruşdum. Bəzən futbolçularla məşqçi arasında belə hal yaşanır. Las-Veqasda olduğu kimi, meydanda baş verənlər meydanda qalır. Hər futbolçu özünü ən yaxşı şəkildə göstərmək istəyir. Hərdən belə də olur. Bu, futbolun bir hissəsidir. Mən ona “sakit ol, komandaya inanılmaz dərəcədə kömək etdin”, - dedim. Vəssalam".