"Qarabağ"la görüşdə mümkün qədər çox qol vurmağa çalışacağıq"
"Başa düşürük ki, işimiz asan olmayacaq. Bununla belə, mümkün qədər çox qol vurub qələbə qazanmağa çalışacağıq". SportLine.az xəbər verir ki, bu sözləri Madrid "Atletiko"sunun futbolçusu Tomas Partey "Qarabağ"la oyun haqda fikirlərini bölüşərkən deyib.
Klubun televiziyasına açıqlamasında qanalı yarımmüdafiəçi uzun səfərin komandaya problem yaratmayacağına inandığını söyləyib:
"Bu, mövsüm ərzində, bəlkə də, ən uzun məsafəli səfərimizdir. Vaxt fərqinə görə rejimimiz də dəyişəcək. Ancaq biz vəziyyətə uyğunlaşmalıyıq ki, yaxşı oyun sərgiləyə bilək. Əslində, bunlar kiçik detallardır. Əsas fikrimizi məşqçimizin tapşırıqlarına yönəltmişik. Onun göstərişləri ilə daha çox imkan yaratmağa çalışacağıq".
Xatırladaq ki, "Qarabağ" - "Atletiko" (Madrid) matçının start fiti oktyabrın 18-i saat 20:00-da səslənəcək.