“Qəbələ” Litvaya gedir

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası bu gecə Litvaya yola düşəcək. SportLine.az xəbər verir ki, yeniyetmələr paytaxt Vilnüsdə keçiriləcək "Ateitis Cup" turnirində iştirak edəcəklər.

Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. "Qəbələ" B qrupunda qərarlaşıb və aşağıdakı rəqiblərlə görüşəcək: "Minsk" FK (Belarus), "Legion" (Estoniya), "Jalgiris" (Litva), "Riqa" FK (Latviya).

Digər qrupda yerli “Baltay”, BATE, SDJUSSHOR “Dinamo” (hər ikisi Belarus), RFSH Riqa (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.

Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq.

Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq.

Qeyd edək ki, “Qəbələ”nin keçirəcəyi sonuncu oyundan öncə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla anılacaqlar. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.

Banner