Qriqorçuk: "Klub rəhbərliyinin bu problemi həll edəcəyini gözləyirik"

Avropa Liqasının pley-off mərhələsində “Maribor”la qarşılaşacaq “Qəbələ” bu gün azarkeşlərlə görüşüb. SportLine.az xəbər verir ki, baş məşqçi Rroman Qriqorçuk, kapitan Rəşad Sadiqov, Teo Uiks və Baqali Dabonun iştirak etdiyi mərasimdə “Qəbələ” FK-nun yeni satış nöqtəsinin açılışı olub.

Tədbir rəngli görüntülərlə yadda qalıb: futbolçular və azarkeşlər arasında “PlayStation” və masaüstü futbol yarışlar keçirilib.

Sonda baş məşqçi Roman Qriqorçuk “Maribor”la oyuna hazırlıqdan danışıb:

“Maribor”un əsas üstünlüyü, olduqca sürətli hücumlar həyata keçirməkdir.  Bu komandanın oyunçuları rəqib qapısına tez yaxınlaşırlar. Eşitmişəm ki, çoxları üçün “Dalğa Arena”ya gedib çatmaq çətin olacaq. Bizə azarkeşlərin dəstəyi lazımdır. Klub rəhbərliyinin bu problemi aradan qaldıracağını gözləyirik. Azarkeş dəstəyi ilə “Qəbələ” daha güclü oynayır”.

Rəşad Sadiqovun ilk oyunda iştirakına gəldikdə isə, baş məşqçi bildirib ki, bu, real deyil: “Sadiqov mübarizəyə hazır olduğunu bildirsə də, çox güman ki, yalnız cavab matçına çıxa biləcək”.

Qeyd edək ki, “Qəbələ” – “Maribor” görüşü avqustun 18-i keçiriləcək.