Qurban Qurbanov:"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm"
"Ferentsvaroş"a qarşı hesabdakı üstünlük heç kimi aldatmamalıdır.
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbənin vacibliyindən danışıb:
"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizi yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Qətiyyən arxayınlaşmaq olmaz. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər".
O, rəqib komandanın ilk qolu vurmasından sonra həvəsdən düşmədiklərini söyləyib:
"Deməzdim ki, ilk qoldan sonra həvəsdən düşdük. Sadəcə, səfərdə qol buraxırsansa, istər-istəməz həyəcan çoxalır. Buraxılan qoldan sonra üzərimizdə təzyiq bir qədər də artdı. Lakin tədricən oyuna nəzarəti ələ ala bildik. Xüsusilə ikinci hissədə riskə getdik. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.