Ramil Şeydayev növbəti mövsümü "Jilina"da keçirəcək
Milli komandamızın hücumçusu Ramil Şeydayev növbəti mövsümü də Slovakiyanın "Jilina" komandasında keçirəcək. Sportline.az xəbər verir ki, gənc futbolçu, bunu Şimali İrlandiya ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
- Daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Belə alındı. Bu, futboldur.
- Qol imkanlarınızdan yararlana bilməməyinizə nə mane oldu?
- Daha çox işləmək lazımdır ki, belə vəziyyətlərdən yararlana bilək və qalib gələk.
- Təkbətəkdən qolu niyə vura bilmədiniz? Top ayağınıza oturmadı?
- Xeyr, adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Yenə deyirəm, daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək.
- Demək olarmı ki, Şimali İrlandiya ilə görüşdən xalla ayrılmaq olardı?
- Bəli, 100 faiz belədir. Daha yaxşı oynayırdıq.
- Nəticəni ədalətsiz sayırsınız?
- Demək olmaz ki, ədalətsiz nəticədir. Bunu Allah bilir. Sadəcə, belə alındı.
- Sonadək mübarizə aparacaqsınız?
- Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq.
- Növbəti mövsümü harada keçirəcəksiniz?
- “Jilina”da.