"Region Kuboku"nun qalibi bilindi
AFFA-nın dəstəyi və Regional Futbol Federasiyaları İB-nin təşkilatçılığı ilə 15 yaşlılar arasında "Region Kuboku" turniri keçirilib.
Sportline.az xəbər verir ki, 16 iyunda start götürən və bir aya yaxın davam edən yarışın ilkin mərhələsində region federasiyalarının komandaları final mərhələsinə vəsiqə uğrunda iki yarımqrupda mübarizə aparıblar.
A qrupunun oyunları Bərdə, Tovuz və Mingəçevirdə, B qrupunda Şirvan, Neftçala və Sumqayıtda keçirilib. Final mərhələsinin oyunları isə Mingəçevir şəhər stadionunda baş tutub.
Üçüncü yer uğrunda görüşdə "Sumqayıt"ın təmsil etdiyi Şimal RFF, "Turan"ın futbolçularından təşkil edilən Qərb RFF üzərində 4:0 qalib gəlib və bürünc medalları qazanıb.
Final qarşılaşması "Sabah"ın bazasında formalaşdırılan Bakı RFF ilə Şimal-Qərb RFF yığma komandaları arasında keçirilib. Hakimlər briqadası və futbolçular meydana şəhid övladları ilə çıxıblar. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra oyunun start fiti verilib. Gərgin mübarizə şəraitində keçən final görüşündə Bakı Regional Futbol Federasiyası 2:1 hesablı qələbə qazanaraq U-15-lər arasında "Region Kuboku"nun qalibi olub.
Qaliblərə və mükafatçılara medal, diplom və xüsusi hədiyyələri Regional Futbol Federasiyaları İB-nin prezidenti İsgəndər Cavadov, Bakı, Şimal-Qərb, Qərb Regional Futbol Federasiyalarının rəhbərləri Tahir Süleymanov, Rövşən Əhmədov, Nadir Nəbiyev və RFF İB-nin aparıcı mütəxəssisi Füzuli Nəcəfov təqdim ediblər.