Rəşad Sadıqov: "Düşünürdük ki, "Roma"dan xal alsaq..."
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turundakı oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli futbolçu, Sportline.az saytının əməkdaşı ilə söhbətdə "Roma"ya 1-2 hesablı məğlubiyyəti belə izah edib: "Oyuna həyəcanlı başladıq. Müdafiədə bəzi səhvlərə yol verdik. Rəqib də bundan istifadə etdi. Biz həyəcanı üzərimizdən atana qədər, rəqib iki qol vurmağı bacardı. Bununla belə, komandamız sınmadı, sona qədər mübarizə apardı, hesabı dəyişdi, hətta, bərabərlik qolunu da vura bilərdi. Amma təəssüflər olsun ki, buna gücümüz çatmadı, son nöqtəni qoya bilmədik. Bütün bunlar bizim üçün böyük təcrübədir. İrəlidə daha çətin oyunlar olacaq. Düşünürdük ki, bu gün rəqibdən xal alsaq, qrupda 3-cü yeri tutmaq imkanımız yaranacaq. Demək olar ki, bu işi də çətinə saldıq. Çempionlar Liqasının hər oyunu bizim üçün bayram kimidir. Bir də belə fürsət olacaq, olmayacaq onu Allah bilir. Çalışacağıq ki Azərbaycanı layiqincə təmsil edək”