Rövşən Hüseynli: "Bu gözlənilən idi"
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rümıniya ilə qarşılaşan və oyunun əksər hissəsində hesabda üstün olan Azərbaycan millisi yekunda 5:5 hesablı heç-heçə ilə barışıb.
Sportline.az xəbər verir ki, həm Rumıniya ilə görüş, həm də qarşıdakı matçla bağlı millimizin qapıçısı Rövşən Hüseynli açıqlama verib:
“Oyun hər iki komanda üçün gərgin keçdi. Bu da gözlənilən idi. Çünki pley-off mərhələsinə vəsiqə qazanmaq şansını saxlamaq üçün komandalara mütləq qələbə lazım idi. Heyətlə bağlı da problemlər oldu. Baş məşqçimiz seçim zamanı daha çox yerli çempionatda çıxış edən futzalçılara üstünlük verdi. Hətta ilk dəfə milliyə dəvət alan, eləcə də uzun fasilədən sonra kollektivə qoşulan futzalçılar da oldu.
Komanda olaraq pis oynamadıq. Rəqibimiz Avropada 5-in 4-ə oynayan ən yaxşı yığmalardan biridir. Düzdür, Niderland və Qazaxıstanla oyunlarda bu üstünlükləri sayəsində qollar vurmuşdular. Biz isə onları belə vəziyyətdə 2 dəfə cəzalandırdıq, amma meydanda oyunçu sayında üstünlük qazandıqları zaman onlar daha çox – 3 qol vurdular.
Üzücü məqam rəqibin meydanda azlıqda qaldığı zaman cərimə etməyimiz və onlara 10 metrlik zərbə vurmaq hüququ qazandırmağımız oldu. Halbuki, say üstünlüyü bizdə olan zaman qol buraxmamalı idik. Bu da futzalçımızın təcrübəsizliyindən irəli gəlirdi. Amma gələcək üçün yığmaya yeni isimlər qazanmış olduq. 3-4 gün ərzində yığılan komandanın belə oyun göstərməsi ümidləndirməyə bilməz.
Şanslarımız az da olsa, davam edir. Bunun üçün əvvəlcə Niderlandı yenməli, Rumıniyanın büdrəməsini və D qrupunda hadisələrin biz istəyən kimi cərəyan etməsini gözləməliyik”.