"Sabah"ın yeni kapitanı bədbinliyə əsas görmür
"Səbail"lə ev matçına ciddi hazırlaşmışdıq. Həm də yeni çempionatın ilk oyunu idi və mövsümə qələbəylə başlamaq istəyirdik. Amma alınmadı, uduzduq. Pis də oynamamışdıq. Hər komponentdə rəqibimizi üstələyirdik. Sadəcə, "Səbail" bir vəziyyətdən istifadə elədi, qol vurdu. Vəssalam, bundan sonra müdafiəyə "oturdu". Bu oyunda hər şey elədik, ancaq son nöqtəni qoya bilmədik. Əsas qol olmadı".
Sportline.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın kapitanı Slavik Alxasov bildirib.
Onun sözlərinə görə, ilk turda "Səbail"ə 0:1 hesabıyla uduzduqları ev matçında rəqibdən yaxşı oynayıblar: "Futbol belədi də, əksər hallarda yaxşı oynayanda uduzursan. Bəxtimiz də gətirmədi, bəxt "Səbail"in tərəfində idi bu dəfə. Ancaq ruhdan düşməyə dəyməz, çempionat yeni başlayıb. Komandamıza, baş məşqçimiz Ramin Quliyevə inanırıq. İnşallah, bir yerdə uğurlarımızı göstərəcəyik. Əsas hədəfimiz medalçılardan biri olub avrokuboklara vəsiqə qazanmaqdı".
Artıq 4-cü mövsümdü Premyer Liqamızda çıxış edən "Sabah"ın hələ ki Avropaya çıxması mümkün olmayıb. Keçən mövsüm uğursuzlqda əsas səbəbkar ispaniyalı baş məşqçi Visente Qomez göstərilirdi ki, onun gedişindən sonra baş məşqçi postuna gətirilən Ramin Quliyev son dövrədə komandada vəziyyəti yaxşılaşdırdı. İndisə gənc mütəxəssis komandanı özü yeni mövsümə hazırlayıb, transferlərini edib. Alxasovun fikrincə, uğursuz start bədbinliyə əsas verməməlidi və yeni komandası əvvəlkindən güclüdü: "Heyətimizin 50 faizi gənclərdi. Yeni heyətimiz yaxşıdı. Komandada hər şey yaxşıdı, ab-hava yüksək səviyyədədi. İndi birinci oyundan sonra proqnoz vermək düzgün olmazdı. Çünki ilk turda əvvəl dediyim kimi, bəxtimiz gətirmədi. Ramin müəllim gələndən sonra komanda dəyişilib, oyun üslubumuz başqadı. Özümüzə yenə inanırıq. Komandamız yay fasiləsində demək olar 60-70 faiz dəyişilib. Gedənlər çox oldu. "Sabah"a keyfiyyətli əcnəbi futbolçular qoşulub. Onlar öz oyunları ilə komandamıza çox xeyir verə biləcəklər".
Bunadək çıxış etdiyi "Keşlə"də sarğını daşımış 28 yaşlı Alxasov "Sabah"ın yeni kapitanı seçilib. Maraqlı təsadüfdən, ilk turda Azərbaycan himninin sədaları altında bayrağını qaldıran da eyni nömrələr - "14"-lər, bir-birlərini çox yaxşı tanıyan yerlilər - qusarlılar idi. Slavik həm "Səbail"dəki həmkarı Rahid Əmirquliyevlə dostluğuna, həm də sarğının ona etibar olunmasına toxunub: "Bizim kapitan Bəhlul Mustafazadə idi. O, komandadan ayrıldı. Ramin müəllim sarğını mənə verdi. Özümü həmişəki kimi hiss eləyirəm. Kapitan olanda sənin üzərinə məsuliyyət daha çox düşür. Mənim üçün bu, çətin bir iş deyil. Rahidə gəlincə, onunla çoxdan tanışıq, dostuq, yaxşı münasibətimiz var. Əmirquliyev qonşu kənddəndi, qohumluq münasibətimiz də var".
"Sabah" ikinci turda bu gün "Sumqayıt"ın qonağı olacaq. Hansı ki, ilk turdan sonra turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. Maraqlıdı, "Sabah"ın mövsümə 2:0-lıq qələbə ilə başlayan rəqibini səfərdə məğlub etməsi mümkün olacaq?. Sol cinah müdafiəçisini dinləyək: "İndi rahat oyun yoxdu. İkinci tur bizi səfərdə ağır oyun gözləyir. "Sumqayıt" yaxşı komandadı. Çətin olacaq, amma Sumqayıta uğurlu nəticə üçün gedirik".