“San Siro”nun unutmadığı azərbaycanlı
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 3-cü yazını təqdim edir.
Ötən yazımızda, əfsanəvi Anatoli Banişevskinin ömür yoluna və karyerasına nəzər salmışdıq. Bu dəfə isə, sizə Ələkbər Məmmədovdan bəhs edəcəyik. Banişevski kimi Ələkbər Məmmədov da adını Azərbaycan futbolunun tarixinə “qızıl hərflər”lə yazdırıb, gələcək nəsillərə nümunə olacaq futbolçu həyatı yaşayıb.
18 yaşında “Neftyanik”də debüt edən bakılı oğlan
Mayın 9-u tarixi, 1945-ci ildən bəri biz azərbaycanlılar üçün Qələbə günü kimi əlamətdar olub. 1930-cu ilin həmin günündə isə, gələcəkdə böyük futbolçuya çevriləcək körpə dünyaya gözlərini açıb. Bakının yüzminlərlə sadə sakinlərdindən biri olan Əmir kişinin oğlu cəmi 18 yaşında təkcə yaşadığı şəhərdə deyil, Azərbaycanın hüdudlarından da xeyli kənarda hamının tanıdığı və hörmət bəslədiyi şəxsiyyətə çevrildi.
“Neftyanik”in məşqçilərinin diqqətinə 18 yaşında cəlb edən Ələkbər Məmmədov elə həmin ildə əsas komandanın heyətində meydana çıxdı. O vaxtlar xalis azərbaycanlı olan gənclər arasında belə istedad sahibi nadir tapıntı idi. Yerli gənclər idmana, o cümlədən də futbola maraq göstərmədiyindən “Neftyanik”in əsas futbolçuları qeyri-azərbaycanlılar olurdu. Bu mənada Ələkbər Məmmədovun “Neftyanik”ə gəlişi bir çox vacib ənənələrin başlanması üçün stimula çevrildi.
Onu da vurğulamaq lazımdır ki, Ələkbər Məmmədov “Neftyanik”in SSRİ Güclülər dəstəsində keçirdiyi ilk qarşılaşmada iştirak edən futbolçular sırasında yer alıb və komandamızın qələbəsinə töhfəsini öz gözəl oyunu ilə vermişdi. Bu tarixi hadisə indiki “İsmət Qayıbov adına Bakıxanov qəsəbəsi stadionu”nda (o vaxtlar Lenin adına stadion) Moskvanın Hərbi Hava Qüvvələrinin komandasına qarşı oyunda reallaşıb. Qarşılaşmanın son dəqiqələrində Anoşkinin vurduğu qol “Neftyanik”in yeni tarixinin başlanğıcı idi. Bu qol sayəsində “Neftyanik” Güclülər dəstəsində mübarizəyə qələbə ilə başlamağı bacarmışdı.
1948-ci ildən 1953-cü ilə qədər “ağ-qaralar”ın heyətində çıxış edən Məmmədov bu müddət ərzində 132 oyunda meydana çıxıb və həmin oyunlarda 47 dəfə fərqlənməklə “Neftyanik”in qələbələrində böyük pay sahibinə çevrilib.
Moskva “Dinamo”sunun qol ümidi
Ələkbər Məmmədovun “Neftyanik”dəki uğurlu oyunu, məhsuldarlığı Moskva klublarının da diqqətini cəlb edir. Onu Bakıdan “oğurlamaq” uğrunda gedən mübarizədən “Dinamo” qalib çıxır və Məmmədov “ağ-qara” formanı “göy-ağ”a dəyişməyə məcbur olur. Onun bu qərarı verməsinə “Neftyanik”in güclülər sırasında davam gətirə bilməməsi, uzun müddət “B” sinifinin iştirakçıları sırasında qalması da təsirini göstərib. Beləliklə, 1954-cü il mövsümündən azərbaycanlı hücumçu “Dinamo”nun qol ümidinə çevrilir və ona bəslənən ümidləri artıqlamasıyla doğruldur.
Qeyd etmək lazımdır ki, məhz həmin illərdə “Dinamo” SSRİ çempionatının ən güclülərindən sayılırdı. Təsadüfi deyil ki, Ələkbər Məmmədovun “Dinamo”da çıxış etdiyi dörd mövsümdə Moskva təmsilçisi SSRİ çempionu adını heç kimə güzəştə getməyib. Mixail Yakuşkinin çalışdırdığı komanda ardıcıl 4 il qızıl medalları qazanmaqla özünəməxsus göstəriciyə imza atıb. 1954-1959-cu illər ərzində “göy-ağ” formada 92 dəfə meydana çıxan həmyerlimiz 41 qolun müəllifi olub. 1956 və 1957-ci illərdə Məmmədov SSRİ-nin 33 ən yaxşı futbolçusu sırasında yer almaqla da diqqətləri üzərinə çəkib.
“San-Siro”da yazılan tarix
Sözsüz ki, Ələkbər Məmmədovun adı gələndə ilk yada düşən onun İtalyanın məşhur “Milan” komandasının qapısına 4 qol vurması olur. Onun əldə etdiyi bu rekord, düz 2014-cü ilin yanvarına qədər toxunulmaz qaldı. Həmin vaxt “Sassuolu”nun hücumçusu Domeniko Berardi milanlıları 4 dəfə məyus etməklə Məmmədovun rekorduna şərik oldu.
1955-ci ilin 4 sentyabrında keçirilən “Milan” – “Dinamo” qarşılaşması uzun müddət yaddaşlardan silinmədi. “Dinamo” həmin vaxt İtaliyaya səfərə gələn ilk sovet komandası idi. 100 min azarkeşin tribunadan canlı izlədiyi oyuna böyük maraq yaranmışdı. İtaliya futbolu həmin vaxt dünyanın ən güclülərindən sayılırdı. İkiqat dünya çempionlarının ən güclü komandalarından birini doğma meydanda 4:2 hesabıyla məğlub etməklə “Dinamo” hər kəsi təəccübləndirmişdi. Sevindirici haldır ki, italiyalıları məyus edən qolların hamısının altında azərbaycanlı futbolçu imzası var idi - Ələkbər Məmmədov.
Uzun illər sonra həmin tarixi oyunu xatırlayan Lev Yaşın belə deyəcəkdi: “Ələkbər inanılmaz texnikaya malik idi. Onda hücumçu üçün vacib olan bütün keyfiyyətlər cəmlənmişdi. Meydanı əla görür, sürətli keçidlərlə rəqibini çaşbaş salırdı. Özünəməxsus ötürmələri isə komanda yoldaşları üçün göydəndüşmə qol fürsəti idi”.
Həmin illərdə SSRİ yığmasının heyətinə də çağırılan həmyerlimiz 1960-cı ildə keçirilən Avropa çempionatının seçmə oyunlarında da 4 dəfə iştirak edib.
Bakıya qayıdış və erkən bitən karyera
Adını Moskva “Dinamo”sunun tarixinə əbədilik yazdıran Ələkbər Məmmədov 1960-cı ildə, 30 yaşında yenidən “Neftyanik”in futbolçusu olur. İki mövsüm doğma komandasının şərəfini qoruyur və meydana çıxdığı 25 oyunda rəqib qapıçıları cəmi 4 dəfə məyus etməyi bacarır. Bu isə o demək idi ki, yaş və tez-tez rastlaşdığı zədələr öz sözünü deyib, Məmmədovu əvvəlki formasından və məhsuldarlığından uzaq salıb. Karyerasını üzüsulu bitirməyi qərara alan Ələkbər 32 yaşında butslarını mismardan asır və məşqçiliyə başlayır. Cəmi bir il sonra isə, “Neftyanik”in baş məşqçisi kimi, Azərbaycanın fəxri olan komandanın “sükançısı”na çevrilir.
1965-ci ilə qədər “Neftyanik”in baş məşqçisi olan Ələkbər Məmmədov “bürünc” komandanın bünövrəsini qoyanlardan idi. Məhz onun sayəsində Banişevski, Markarov, Tuayev kimi istedadlı futbolçular parlamağa başlamış, “ağ-qara” formanı geyən futbolçulardan ibarət mübariz heyət formalaşdırılmışdı. Həmin ilin avqustunda Məmmədov baş məşqçi postunu Vasili Sokolova təhvil verir, özü isə komandanın rəisi vəzifəsinə təyinat alır. O, həm də baş məşqçisinin köməkçisi kimi fəaliyyətində məşqçilər korpusuna öz dəyərli məsləhətləri ilə xüsusi kömək göstərirdi. Məmmədovun futbol biliyindən daha çox rəqiblərin oyununu öyrənmək və təhlil etmək üçün yararlanırdılar.
1971-ci ildə yenidən “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat alan Ələkbər Məmmədov komandanı güclülər dəstəsinə qaytarır və SSRİ kubokunun yarımfinalına qədər yüksəltməklə ciddi uğura imza atır. Amma, onun həmin vaxt fəal məşqçiliyi qısa sürür. Yaşıl meydanlardan uzaqlaşan Məmmədov diqqətini təhsilə yönəldir, müxtəlif ali məktəblərdə pedaqoq fəaliyyətinə başlayır. Məmmədov dövrünün azsaylı futbolçularından idi ki, karyerasıyla yanaşı ali təhsil almağı da bacarmış, 3 ali məktəbin diplomuna yiyələnmişdi. 1953-cü ildə Dövlət Neft Akademiyasının məzunu olduqdan sonra, Bədən Tərbiyəsi İnstitutunu və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini də bitirməsi, onun unikal şəxsiyyət olmasından xəbər verir.
Müxtəlif ali məktəblərdə müəllim, kafedra müdiri kimi çalışan Ələkbər Məmmədov, 1993-cü ildə qısa müddətə Azərbaycan milli komandasının da baş məşqçisi olub. AFFA-nın və Milli Olimpiya Komitəsinin İcraiyyə Komitələrinə üzv seçilib. O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına da layiq görülüb.
Əzrayılın tənha yaxaladığı məşhur
18 yaşından məşhurlaşan və daim diqqət mərkəzində olan Məmmədovun ömrünün son illəri heç də xoş keçməyib. Həyat yoldaşından ayrıldığı, qızının isə Azərbaycandan uzaqda yaşadığı üçün, təkbaşına ömür sürməyə məcbur olub. Acınacaqlı haldır ki, futbolumuzun fəxri olan bu tarixi şəxsiyyətin ölümündən 3 gün heç kim xəbər tutmayıb. 2014-cü ilin iyul ayının sonlarında dostları ondan uzun müddət xəbər çıxmadığını görüncə polisə məlumat veriblər. 28 iyul tarixində Məmmədovun mənzilinə daxil olan xilasedicilər orda onun cansız bədəni ilə qarşılaşıblar. Avqustun 4-də isə “Neftçi”nin və Azərbaycan futbolunun fəxri sayılan Məmmədovla vida mərasimi keçirildi, mərhum daha sonra II Fəxri Xiyabanda dəfn olundu.
Ələkbər Məmmədovun ömrünün son günlərini necə keçirməsi və nə üçün tək yaşaması ilə bağlı sualımıza veteran futbolçu Çingiz İsmayılovun verdiyi cavab isə belə oldu:
“Ələkbər gözəl insan, əla futbolçu idi. Mən indi də xatırlayıram ki, meydanda necə xarüqələr yaradırdı, təkcə özü qollar vurmur, komanda yoldaşları üçün də fürsətlər yaradırdı. 18 yaşında Azərbaycan futboluna ulduz kimi daxil olmuşdu. Məşqlərini “Spartak” stadionunda edirdi. Onu orda kəşf etmişdilər. İndi mənim üçün çox ağırdır ki, Ələkbər barədə keçmiş zamanda danışıram. İlk dəfə 1949-cu ildə, “Neftyanik”in Güclülər dəstəsindəki debüt oyununda onu meydanda görmüşəm.
Uşaqlıqdan mehriban insan idi. İndiki Səməd Vurğun küçəsində yaşayırdılar. İnanın mənə, yaşının az olmasına baxmayaraq, Ələkbər küçəyə çıxanda özündən qat-qat böyüklər ayağa qalxar, onu salamlayardılar. Şəhərin mərkəzində onu tanımayan, onunla dostluq etmək istəməyən qalmamışdı. Hamıyla ünsiyyət saxlayır, hörmət qoyurdu. Bakıda Tələt Rəsulov adında bir azarkeşi var idi. Moskvada oynayarkən həmin Rəsulov Ələkbərin oyununa baxmaq üçün təyyarəyə bilet alar, səfərə yollanardı.
Təəssüflər olsun ki, ömrünün son illərini tənhalıqda keçirdi. Ələkbərin uşaqlıqdan dostluq etdiyi Asif və Vasif Babayev qardaşları son günə qədər onunla birlikdə idilər. Rejissor Vasif Babayevin diqqətini, Məmmədova göstərdiyi əsl dost qayğısını vurğulamalıyam. Ölümündən bir qədər əvvəl yaddaşı korlanmışdı, hafizəsini itirmişdi. Vasif Babayev onu tez-tez dənizkənarı bulvara aparırdı, Ələkbərlə birlikdə gəzirdi. Çox arzulayırdı ki, sanatoriyaya getsin, orda müalicə olunsun. AFFA xərcləri boynuna götürmüşdü, Ələkbəri Yesentukiyə göndərəcəkdilər. Amma ömür vəfa etmədi. Səfərə çıxmaq üçün hazırlıq da görürdü. Onu sonuncu dəfə Vasif Babayev görüb. Bulvardan evə qayıdıblar, sonrakı günlərdə Ələkbərdən səs-soraq gəlməyib. Vasif də elə düşünüb ki, Ələkbər müalicəyə gedib. Evinə zəng vurub, telefona cavab verməyib. Sonra digər dostlarından soruşub. Heç kəsdən xəbər ala bilməyincə polisə məlumat vermişdilər. Evə girəndə hər kəs gördüyü mənzərədən şok olmuşdu.
Ələkbər əsl pedaqoq idi. Gənc futbolçulara təkcə topun dalınca necə qaçmağı yox, insani keyfiyyətləri öyrədirdi. Deyirdi ki, yerə tüpürmək olmaz, futbolçu göz önündə olan şəxsdir, gərək başqalarına nümunə olsun. Banişevskiyə əsl atalıq qayğısı göstərirdi.
Ailə sarıdan bəxti gətirmədi. Həyat yoldaşıyla yolları ayrılmışdı. Oğlu olmamışdı, bircə qızı var idi. Qızı və nəvəsi Almaniyada yaşayırlar. Qız nəvəsi Daşkənddə özbəkistanlı musiqiçiyə ərə gedib, sonra Almaniyaya yollanıblar. Ələkbərin dəfnində qızı iştirak edə bilmədi. Amma sonradan yasa gəldi. 40 gününə qədər burada idi. Məmmədovun Bakıdakı evini də buradan gedərkən satdı. Artıq mərhumun Bakıda evi də qalmayıb. Qəbrini isə, ancaq futbol veteranları, azarkeşləri ziyarət edirlər”.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir