"Tottenhem" üçün məğlubedilməz Ronaldu
UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Real" "Tottenhem"i qəbul edəcək. SportLine.az xəbər verir ki, futbolsevərlərin maraqla gözlədiyi oyun ərəfəsində Madrid təmsilçisinin lideri - Kriştianu Ronaldunun "londonlular"a qarşı uğurlu statistikası var.
"Mançester Yunayted" forması ilə 11 dəfə "Tottenhem"lə qarşılaşan portuqaliyalı ulduz, 7 dəfə qələbə sevinci daddığı halda, 4 dəfə də bərabərliklə təsəlli tapıb. Bu görüşlərdə rəqib qapısına 32 zərbə endirən K.Ronaldu, bunların 4-də rəqib qapıçını məyus edib.
Hücumçu iki dəfə də "Real"ın heyətində "Tottenhem"ə qarşı oynayıb. Bu görüşlər Çempionlar Liqasına təsadüf edib. 2011-ci ildə1/4 final çərçivəsində keçirilən ilk oyunda 4:0 hesablı qələbəyə sonuncu qolun müəllifi kimi töhfə verən K.Ronaldu, cavab matçında da yeganə qola imza atan futbolçu kimi fərqlənib.
Ümumilikdə, 13 dəfə "Tottenhem"ə qarşı oynayan portuqaliyalı futbolçunun aktivində 9 qələbə, 4 heç-heçə və 6 qol var.
Qeyd edək ki, "Real" - "Tottenhem" matçının start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.