"Turan Tovuz"la oyunda məğlubiyyətə layiq deyildik"
"Karvan-Yevlax" "Turan Tovuz"la oyunda məğlubiyyətə layiq deyildi.
Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Azər Həşimov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının VIII turunda məğlub olduqları matçla (1:2) bağlı fikirlərini bölüşüb:
"Oyuna hazırlaşmaq üçün 4 gün vaxtımız oldu. Hesabda öndə olanda rəqibin qol imkanı yox idi. Futbolda belə hallar olur. Bəzən yaxşı oynayırsan, amma məğlub olursan. Sevindirici haldır ki, bu gün kapitanımız Araz Abdullayev meydana çıxdı. Bəhanələr gətirməyi xoşlamıram. 14 il sonra yenidən Premyer Liqadayıq".
A.Həşimov qarşıda çox matçların olacağını söyləyib:
"Öz işimizi vicdanla, ləyaqətlə görürük, əlimizdə olan imkanlara uyğun iş görməyə çalışırıq. Bu gün komanda əzmkar futbol oynadı. Onlara təşəkkür edirəm. Məğlubiyyətə layiq olmadığımız halda uduzduq. Daha yaxşısını etməyə çalışacağıq. Fərdi keyfiyyətlər sözünü deyir. Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz. "Karvan-Yevlax"ın Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik".