FİFA və UEFA yeni beynəlxalq yarış təşkil etmək fikrindədir
UEFA-nın təşkil edəcəyi "Millətlər Liqası" FİFA tərəfindən maraqla qarşılanıb.
SportLine.az "Assoşeyted Press"ə istinadən xəbər verir ki, FİFA prezidenti Cianni İnfantino sözügedən yarışı inkişaf etdirməklə bağlı UEFA-nın baş katibi Aleksandr Çeferinlə söhbətləşib. Müzakirələrdə yarışın qloballaşdırılması və digər konfederasiyaların da bu liqaya cəlb olunması məsələsinə toxunulub.
Yeni yarışda UEFA-nın təcrübəsi əsas götürüləcək. Komandalar FİFA reytinqinə əsasən 7 liqaya bölünəcək. Hər liqanın qalibləri iki ildən bir təşkil olunacaq final mərhələsində iştirak hüququ qazanacaq.
Məlumatda layihənin hazırlıq mərhələsində olduğu və növbəti il UEFA və digər konfederasiyalarla birgə nəzərdən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, "Millətlər Liqası"nda mübarizə gələn ilin sentyabr ayında başlanacaq.