Zeynəb Hümmətova: “Əsas məqsədim olimpiya mükafatını qazanmaqdır”

“Hər bir idmançının əsas məqsədi Olimpiya oyunlarının mükafatçısı olmaqdır. Mən də bu arzumu reallaşdırmaq istəyirəm. Çalışıram ki, idmançı kimi ölkəmi layiqincə təmsil edim”.

Bunu Sportline.az saytına açıqlamasında bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova deyib: “Hər bir yarışın karyeramda öz yeri var. Çünki, hər birinin arxasında böyük zəhmət, əziyyət dayanır. Ona görə də, bugünədək qazandığım hər bir medal mənim üçün dəyərlidir. Ən yadda qalan ilk Avropa çempionatında qazanılan bürünc medaldır. İkinci Avropa çempionatı da xatirəmdə xoş iz buraxıb. Bununla yanaşı bir çox dünya kuboku yarışlarının, 7 dəfə Avropa çempionatının mükafatçısıyam.  İslam oyunlarında 2 qızıl, 1 gümüş medal, dünya çempionatında bürünc medal qazanmışam. Bu siyahıya olimpiya oyunlarının da mükafatını əlavə etmək arzusundayam”.