"Kəpəz" - "Qəbələ": 15-ci duel

“Qəbələ” Topaz Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşacaq.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fevralın 28-də keçiriləcək qarşılaşma komandalar arasında 15-ci oyun olacaq. İlk dəfə 2010/11 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 14 dəfə qarşılaşıb. Bu matçların hamısı çempionat çərçivəsində oynanılıb. Bu görüşlərdə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. 6 qələbə qazanan komanda 4 heç-heçə edib və 4 dəfə məğlub olub. Son üç görüşdə də Roman Qriqorçukun komandası qalib gəlib. 25 qolun vurulduğu duellərdə “Qəbələ” 14, “Kəpəz” 11 dəfə fərqlənib.

Əvvəlki matçların 8-ni evdə, 6-nı səfərdə keçirən "Qəbələ" rəqib meydanındakı ilk 5 matçda 2 heç-heçə edib, 3 dəfə uduzsa da, son qarşılaşmadan qələbə ilə ayrılıb. Səfər oyunlarındakı top fərqi 3:7-dir.

Maraqlıdır ki, “Qəbələ”nin 14 qoluna fərqli futbolçular imza atıb. Hazırda heyətdə olan Baqali Dabo, Ruslan Qurbanov, Filip Ozobiç və Tellur Mütəllimov yenə fərqlənmək imkanına malikdir.