"Bu, o demək deyil ki, onları silməliyik" - Rəşad Sadıqov

“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim". SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin baş məşqçisi Rəşad Sadıqov Makedoniya ilə yoldaşlıq görüşündən (0:1) sonra deyib.

Mütəxəssis hazırlıq barədə fikirlərini bölüşüb: "12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidir. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm. Avtoqol məni çox məyus etmədi. Bu texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.