DÇ-2018: Yarımfinal mərhələsi haqqında 7 maraqlı məlumat

Bu gün DÇ-2018-də yarımfinal mərhələsi start götürür. İlk oyun günündə Fransa və Belçika, sabah isə Xorvatiya və İngiltərə seçmələri həlledici matça yüksələcək komandaları müəyyənləşdirəcək.

SportLine.az saytı yarımfinal mərhələsi ərəfəsində Mundiallar tarixindən bir neçə maraqlı məqamı diqqətinizə çatdırır:

- 5-ci dəfədir ki, Dünya çempionatının yarımfinalında yalnız Avropa komandaları mübarizə aparır. Bunadək 1934, 1966, 1982 və 2006-cı illərdə də final uğrunda yarışan 4 komandanın hamısı Avropa qitəsindən idi;

- DÇ-2018-in yarımfinalçılarından Belçika sonuncu dəfə 1986-cı, İngiltərə 1990-cı, Xorvatiya 1998-ci, Fransa isə 2006-cı il Mundialında bu mərhələyə qədər irəliləyə bilib;

- Fransa və Belçika milliləri arasında indiyədək 73 görüş olub. Bu oyunların 30-u Belçika, 24-ü Fransa seçməsinin qələbəsi ilə yekunlaşıb. Bununla belə, Dünya çempionatlarına təsadüf edən iki görüşün hər ikisində (1938 və 1986) Fransa futbolçuları qələbə qazanıblar;

- Belçika seçməsi DÇ-2018-in bütün oyunlarında (əsas vaxtda) qələbə qazanan yeganə komandadır. Bu komandanın hesabında 14 qol var ki, bu da Mundialın ən yaxşı göstəricisidir;

- Xorvatiya millisi Argentinadan sonra bir Mundialda iki penalti seriyasını (Danimarka və Rusiyaya qarşı) qalib bitirən ikinci komanda oldu; 

- İngiltərə Mundiallar tarixində 3-cü dəfə yarımfinala yüksəlib. Maraqlıdır ki, hər üç Dünya çempionatı Avropada təşkil olunub (1966 - İngiltərə, 1990 - İtaliya, 2018 - Rusiya);

- Yarımfinal ərəfəsində bombardirlik yarışında vəziyyət belədir:
1. Harri Keyn - 6 qol (İngiltərə)
2. Romelu Lukaku - 4 qol (Belçika)
3. Antuan Qrizmann - 3 qol (Fransa)
3. Kilian Mbappe - 3 qol (Fransa)
Yalnız mübarizəni davam etdirən komandaların futbolçuları nəzərə alınıb!