"Əsas mübarizə istirahət günündən sonra olacaq" - Rauf Məmmədov

ShamkirChess 2018 superturnirində IV tur yekunlaşıb. SportLine.az xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov Polşa şahmatçısı Radoslav Voytaşeklə heç-heçə oynayıb. 

ShamkirChess 2018 turnirinin mətbuat xidməti xəbər verir ki, Rauf mətbuat konfransında partiya haqqında bunları deyib: "Bir qədər fərqli oyun oldu. Üstünlük qazandığımı hesab edirdim. Sonradan oyun bərabərləşdi. Voytaşek mümkün qədər sakit oynamağa can atırdı. Nəticədə partiya bərabərliklə başa çatdı. Fikrimcə şahmatçılar bir qədər ehtiyatlı oynayırlar. Ardıcıl 4 tur heç-heçə oynamaq pis nəticə deyil. Müəyyən mənada yorğunluq özünü göstərir. Əsas mübarizə istirahət günündən sonra olacaq.

Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır. Ona görə hər biri çox diqqətlidir. Belə heyətdə yer almaq çox xoşdur. Bəzən reytinqi düşünərək risk etmək olmur. Digər tərəfdən partiyalarda böyük üstünlük qazanılmayıb. Əksər görüşlər bərabər səviyyədədir. Hazırda kimin qalib gələcəyini söyləmək mümkün deyil. Son turları gözləmək lazımdır".

ShamkirChess2018 turnirinin mətbuat xidməti