"Keşlə"nin sabiq futbolçusu ömürlük cəzalandırıldı

Bakının "Keşlə" klubunun sabiq hücumçusu Vladimir Makovski futboldan ömürlük kənarlaşdırılıb.

SportLine.az xəbər verir ki, səbəb 41 yaşlı mütəxəssisin Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirakıdır.

Faktla əlaqədar Belarus Futbol Federasiyaları Assosiasiyasının Nizam-İntizam və Etika Komitəsi sərt qərarlar çıxarıb. Makovskidən əlavə, "İsloç" və "Oşmyanı-BQUFK" komandasının 4, Minskin "Luç" klubunun 2, "Qranit"in 1 futbolçusu ömürlük diskvalifikasiyaya məruz qalıb. Keçmiş futbolçu Vyaçeslav Zamara və məşqçi-inzibatçı Yuri Sırokvaşko ("Luç", Minsk) "arzuolunmaz şəxs" elan olunublar. Futboldan 24 ayadək kənarlaşdırılma cəzası isə "Luç"un 4, "İsloç"un 3 futbolçusu, "Luç"un direktoru Dmitri Karpovski, onun "Oşmyanı-BQUFK"dakı həmkarı Denis Jbankov, habelə, keçmiş peşəkar futbolçu Dmitri Makar və sabiq referi Stanislav Savitskiyə tətbiq olunub.

Qeyd edək ki, Vladimir Makovski əvvəllər "İnter" adlanan komandada 2005-2006-cı illərdə əkiz qardaşı Mixail Makovski ilə birgə forma geyinib. M.Makovski isə fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb. 

Sportnet.az