Millinin yeni baş məşqçisi kim olacaq?

2020-ci ildə millinin sükanı həvalə olunan italiyalıya böyük ümid bəsləyənlərin sayı az deyildi. Bu məsələdə onun Albaniya seçməsini Avropa çempionatının finalına yüksəltməsi başlıca rol oynayırdı. Amma, zaman göstərdi ki, mərmi bir dəfə düşdüyü yerə təkrarən düşmür. Və senyor Byazi Albaniyada yaşadığı möcüzə ilə Azərbaycanda qarşılaşmayacaq.

Təxminən 3 il yarım ərzində ortaya tutarlı iş qoymağı bacarmayan mütəxəssisin rəqiblər üçün əhəmiyyətsiz sayılan oyunlarda qazandığı qələbələr isə yaraya məlhəm olacaq keyfiyyətdə deyildi. Bu səbəbdən Avro 2024-ün seçmə mərhələsinin nəticələrinə əsasən onunla yolların ayrılacağı gözlənilən idi. Belçika ilə oyunsonrası mətbuat konfransında mediaya qarşı nalayiq hərəkətləri isə, bu prosesi bir qədər də tezləşdirdi. Və AFFA İcraiyyə Komitəsinin bugünkü fövqəladə iclasında De Byazi ilə yollar ayrıldı.

Onun xələfinin kim olacağı hələ bilinmir. AFFA-nın baş katibi Sərxan Hacıyevin sözlərinə görə bu, yerli mütəxəssis də, əcnəbi çalışdırıcı da ola bilər. Təxminən gələn ilin əvvəllərində məsələyə aydınlıq gətiriləcək. Əcnəbi seçiminin uğursuz alındığını nəzərə alsaq, millinin yeni baş məşqçisinin məhz yerli mütəxəssis olacağı daha inandırıcı görünür. Bizə isə, hələlik yalnız gözləmək və AFFA-nın baş məşqçi seçimində yanılmamasına ümid bəsləmək qalır.