"Millinin yeni baş məşqçisinin yerli olmaq ehtimalı az deyil"

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az “Report”a istinadla xəbər verir ki, milli assosiasiya rəsmisi müqaviləsinin müddəti uzadılmayan yığmanın baş məşqçisi Canni De Byazi və onu əvəzləyəcək mütəxəssislə bağlı danışıb.

- İlk olaraq AFFA İcraiyyə Komitəsinin iclasında yaşananlar haqqında məlumat verərdiniz...
- İclasın gündəliyində Canni De Byazinin hesabatının dinlənilməsi və millidəki taleyinin müzakirəsi var idi. Toplantıda iştirak edən italiyalı mütəxəssis nəticələrlə bağlı qısa məlumat verdi. Sonra bildirdi ki, artıq millidə fəaliyyətini dayandırmalı olduğunu düşünür. Bu üzdən xahiş etdi ki, müqavilə müddəti uzadılmasın. Bundan sonra İcraiyyə Komitəsinin üzvləri müzakirələr apardılar. Son 3 ilin nəticələri və ümumi məsələlər müzakirə olundu. Sonda sözləşmənin uzadılmaması qərara alındı.

- De Byazi müqavilə müddətinin uzadılmamasını xahiş etməsəydi, İcraiyyə Komitəsinin üzvləri fərqli qərar verə bilərdilər?
- Bu suala cavab vermək çətindir. Prosedura uyğun olaraq, ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. De Byazi isə hesabat verəndən sonra belə bir xahişlə çıxış etdi. Bununla belə, İcraiyyə Komitəsi müəyyən müzakirələr apardı və belə qərara gəlindi ki, müqavilənin uzadılmaması ən düzgün variantdır.

- Bir saat davam edən iclasda başqa nələr müzakirə edildi?
- Xüsusi işçi qrupu yaradılacaq. Orada həm İcraiyyə Komitəsi üzvləri, həm də kənardan mütəxəssislər cəlb olunacaq. Baş məşqçi postuna namizədlər təklif olunacaq, sonda komitədə müzakirəyə çıxarılacaq.

- Uzun illərdir yığmanı əcnəbilər çalışdırırlar. Yerli məşqçilər üzərində dayanmağın vaxtının çatması barədə müzakirə olmadı?
- İclasda müxtəlif fikirlər səsləndi. Azərbaycanlı mütəxəssislərə üstünlük verilməsi haqqında fikir bildirənlər də oldu.

- Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gətiriləcək?
- Növbəti oyunumuz martda olacaq, o da yoldaşlıq görüşü xarakteri daşıyacaq. Həmin qarşılaşmadan bir neçə ay öncə baş məşqçi məsələsinin həllini tapması məqsədəuyğun olardı. Hazırda bu yöndə bir yenilik yoxdur. Amma düşünürəm ki, yaxın 1-2 ay ərzində bu məsələ həllini tapacaq.

- Yeni baş məşqçi seçərkən hansı kriteriyalar əsas götürüləcək?
- Əsas kriteriyalardan biri mentaliteti tanıyan birinin olmasıdır. Yerli futbolçuları tanısın, yerli mədəniyyətə uyğun biri olsun. Hazırda məhz yerli olacağını demək çətindir. Amma millinin yeni baş məşqçisinin yerli olmaq ehtimalı az deyil.

- Canni De Byazinin mətbuatla bağlı fikirləri iclasda müzakirə edildi, ona irad bildirildi?
- De Byazinin jurnalistlərlə bağlı məlum açıqlaması da müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən qınanıldı, pislənildi.

- İtaliyalı mütəxəssis deyir ki, 3 il ərzində yığma inkişaf edib. İcraiyyə Komitəsinin üzvləri onun işinə necə qiymət verdi?
- Canni De Byazi dinlənildikdən sonra müzakirələr aparıldı. İcraiyyə Komitəsi onunla müqavilənin uzadılmamasına qərar verəndə, təbii ki, nəticələr də nəzərə alınmışdı.