"Neymar PSJ-də qalacaq" - Tiaqo Silva

"Neymar PSJ-də xoşbəxtdir. Hələ bir neçə il burada qalacaq". SportLine.az xəbər verir ki, bu sözləri PSJ-nin müdafiəçisi Tiaqo Silva deyib. 

"Canal+"a müsahibə verən braziliyalı futbolçu həmyerlisi ilə bağlı bəzi sualları cavablandırıb. Neymarın "Real"a keçəcəyi ilə bağlı xəbərlərin yalan olduğunu deyən "sambaçı", "Neymarın PSJ ilə bağlı planları var. O, hələ gəncdir. Bu komanda ilə Çempionlar Liqasını qazanmaq istəyir. Komandada hamı onu dəstəkləyir. Heç bir futbolçu bu şəraiti qoyub başqa kluba getməz. Neymar da belə düşünür", - deyə bildirib.

Komanda yoldaşının zədəsinin ağır olduğunu deyən T.Silva, "Hazırda, həm həkimlər, həm də Neymar bu problemin Dünya çempionatına qədər aradan qalxması üçün çalışır. İşlər qaydasında getsə, o, Braziliya millisinin heyətində Rusiyaya yollanacaq", - deyib.

Qeyd edək ki, bir neçə gün öncə Neymarın PSJ-dən ayrılacağı və Madrid "Real"ı ilə ilkin razılıq əldə etməsi ilə bağlı xəbərlər yayılmışdı.