Olimpiya çempionumuz zirvəni qoruyur

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sportline.az xəbər verir ki, olimpiya çəkiləri üzrə tərtib olunan ilk “onluq”da 3 taekvondoçumuz yer alır.

Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində liderdir.  Aktivində 435,66 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 37,75 xal qabaqlayır.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan Olimpiya mükafatçısı ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 30.22 xal öndədi – 469,86.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 7-ci pillədə qalan həmyerlimizin 207,15 xalı var.