Rustavidən altı medalla qayıdanlar

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb. Sportline.az xəbər verir ki, yarışa qatılan Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət seçməmiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıb. 

Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib. 

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib. 

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.