Şuşa rayon birinciliyi keçirilib

Fevralın 10-da Qarabağ Regional Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbinin və "OCAQ SPORT" klubunun birgə təşkilatçılığı ilə gimnastika üzrə rayon birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, Şuşa UGİM və "OCAQ SPORT" klubunun birgə təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində baş tutmuş birincilik 2015-2016-2017-ci il təvəllüdlü qızlar arasında keçirilib. Tədbirdə çıxış edən Şuşa Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Rüstəm Alimli bildirib ki, bu gün gimnastika ən prestijli idman növlərindən biridir və yarışın keçirilməsində əsas məqsəd kiçik yaşlı uşaqlar arasında Bədii Gimnastika idman növünə olan marağın artırılmasıdır.

Tədbirin davamında yarışlara start verilib. Yarışda ümumilikdə 20 idmançı birincilik uğrunda mübarizə aparıb. Tədbirin sonunda I, II və III yeri tutmuş idmançılara Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və "OCAQ SPORT" klubu tərəfindən kubok, medallar, diplomlar və hədiyyələr təqdim edilib.