Türkiyə futbolunda növbəti qalmaqal! Derbi yarımçıq dayandırıldı

Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Fənərbağça" - "Beşiktaş" oyunu qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində azarkeşlərin oyuna müdaxiləsi görüşün dayandırılmasına səbəb olub.

"Beşiktaş" klubunun ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları ilə azarkeşlər arasında yaşanan insidentdə qonaq komandanın baş məşqçisi Şenol Güneşin başına əşya atılıb. Bu, vəziyyəti bir qədər də qəlizləşdirib. Az sonra "Beşiktaş" futbolçuları və Ş.Güneş meydanı tərk edib. 

Baş hakim Mete Kalkavan və köməkçilərinin də soyunub-geyinmə otağına yollanması ilə qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, görüşdə hesab açılmayıb. İlk görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.