UEFA "Vorskla" - "Qarabağ" görüşü ilə bağlı araşdırmaya başladı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

SportLine.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən "Report"a açıqlama verilib. Bildirilir ki, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub.