Xorvatiyanın final yolu

DÇ-2018-də mübarizə sona yaxınlaşır. Bu gün futbolsevərlər Mundialın həlledici oyuna şahidlik edəcək. 

SportLine.az final ərəfəsində Xorvatiyanın Mundial yolunu diqqətinizə çatdırır:

"D" qrupunda mübarizə aparan Xorvatiya seçməsinin rəqibləri Argentina, İslandiya və Nigeriya milliləri idi. Argentina futbolçuları bu qrupun favoriti hesab olunsa da, Mundialın gedişində ssenari dəyişdi. İlk turda isə "damalılar"ın rəqibi Nigeriya oldu. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşdı.

Xorvatiya 2:0 Nigeriya

Növbəti oyun isə daha çətin keçəcəkdi. İlk matçda İslandiyanın müqavimətini qıra bilməyən Argentina seçməsi Xorvatiya ilə görüşdə azarkeşlərinin qarşısında bəraət qazanmalı idi. Ancaq, bu, baş tutmadı. 90 dəqiqə daha təmkinli mübarizə aparan Xorvatiya futbolçuları yekunda 3:0 hesablı qələbə qazandılar. Bu, həm də "pley-off" mərhələsinə vaxtından əvvəl yüksəlmək demək idi.

Argentina 0:3 Xorvatiya

Qrup mərhələsinin İslandiyaya qarşı keçirilən sonuncu oyunu Xorvatiya üçün formal xarakter daşısa da, Zlatko Daliçin komandası yenə meydana qələbə üçün çıxmışdı. Bu, yekun nəticədə də əksini tapdı.

İslandiya 1:2 Xorvatiya

1/8 finala maksimum nəticə ilə yüksələn Xorvatiya futbolçularının "pley-off" mərhələsində ilk rəqibi Danimarka oldu. Gərgin keçən mübarizənin yekununda qalib penaltilər seriyasında müəyyənləşdi. Futbol lotereyasında bəxt "damalılar"ın üzünə güldü.

Xorvatiya 1:1 (Ə.V. 0:0) Danimarka (Pen.: 3:2)

1/4 finalda da Xorvatiyanın işi çətin alındı. Rusiya ilə üz-üzə gələn Zlatko Daliçin komandası əsas və əlavə vaxtda rəqibin müqavimətini qıra bilmədi. Bu dəfə də Xorvatiya futbolçuları 11 metrlik zərbələrin ardından mərhələ adladılar. 

Rusiya 1:1 (Ə.V. 1:1) Xorvatiya (Pen.: 3:4)

Yarımfinalda da Xorvatiya komandası ənənəsinə sadiq qaldı. Həlledici görüşə vəsiqə uğrunda İngiltərə seçməsi ilə üz-üzə gələn "damalılar" əsas vaxtda yenə 1:1 hesabına razılaşdılar. Ancaq bu dəfə məsələni penaltilərlə yox, əlavə vaxtda həll etdilər. Mario Mandzukiçin 109-cu dəqiqədə vurduğu qol Xorvatiyanı tarixində ilk dəfə Dünya çempionatının finalına daşıdı.

Xorvatiya 1:1 (Ə.V. 1:0) İngiltərə

Həlledici oyunda isə Xorvatiyanın rəqibi Fransa seçməsi olacaq. Moskvanın "Lujniki" arenasında təşkil ediləcək matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da (15 iyul) səslənəcək.