11 il öncə "Arsenal" üçün tarixi an
Yens Lemann və Xuan Roman Rikelme. Yəqin, futbolsevərlər bu fotonun hansı oyunda çəkildiyindən xəbərdardırlar. SportLine.az 11 il öncə bu gün gerçəkləşən hadisəni bir daha xatırlayır...
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Arsenal" və "Vilyarreal" üz-üzə gəldi. İlk oyunda "topçular" Kolo Turenin qolu ilə qələbə qazandılar. Cavab matçı, gözlənildiyi kimi, gərgin alındı. Hər iki komanda həlledici matça yüksəlmək istəyirdi.
Oyunun son dəqiqələri gedirdi. Hesab açılmamışdı və bu, "Arsenal"ın finala yüksəlməsinə kifayət edirdi. Ancaq 90-cı dəqiqədə "sarı sualtı qayıq" vəziyyəti dəyişmək üçün gözəl fürsət qazandı: Xuan Roman Rikelme penalti vuracaqdı... 11 metrlik nöqtəyə yaxınlaşan futbolçu fərqlənməklə məsələnin həllini əlavə vaxta daşıyacaqdı. Ancaq Yens Lemann "El Madriqal" arenasını sükutə qərq etdi.
Beləliklə, matç qolsuz bərabərliklə yekunlaşdı. Ümumi nəticədə qələbə qazanan "Arsenal" adını UEFA Çempionlar Liqasının finalına yazdırdı.
Kuboka yiyələnmək üçün yarımfinalda "Milan" səddini adlayan "Barselona"ya qalib gəlmək tələb olunurdu. Ancaq Arsen Vengerin futbolçuları bu vəzifənin öhdəsindən gələ bilmədilər. 2000-ci ildə UEFA Kubokunun bir addımlığında büdrəyən "topçular", bu dəfə qitənin ən nüfuzlu klub turnirində baş mükafatı əldən verdilər.