AFFA-dan açıqlama: PFL klublara qadağa qoya bilməz

Peşəkar Futbol Liqasınının (PFL) prezidenti Ramin Musayevin klublara transfer qadağası barədə açıqlaması müzakirələrə səbəb olub.

SportLine.az-ın  “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, ən çox müzakirə olunan isə qurumun bu səlahiyyətə malik olub-olmamasıdır. Çünki PFL də klublar kimi AFFA-nın bir üzvüdür. Belə olduğu halda isə qurum heç bir kluba hər hansı qadağa tətbiq edə bilməz.

Hər hansı bir intizam qərarı olmadan klub yeni əcnəbi futbolçunun sənədləri ilə PFL-ə müraciət etsə və qeydiyyatdan imtina edilsə, bu AFFA-nın nizamnaməsinə zidd olacaq.

AFFA-nın Nizamnaməsindən çıxarış:

Maddə 12 - Peşəkar Futbol Liqası (PFL)

1. PFL, AFFA-nın aşağıdakılardan ibarət olan kişi komandaları arasında keçirilən yüksək yarışların birində iştirak edən futbol klublarını özündə birləşdirən və öz fəaliyyətlərini AFFA-nın təlimatlarına, direktivlərinə, əsasnamələrinə və Nizamnaməsinə əsasən quran hüquqi şəxslərdir.

а) Premyer Liqa;

b) I divizion (və sairə).

2. Bu iki yüksək qrupla əlaqədar hər hansı kommersiya, klublara lisenziya vermə, İntizam , hakimlik, habelə televiziya məsələləri yalnız AFFA-nın səlahiyyətində qalır. AFFA çempionatın keçirilməsi və digər hüquqları PFL-ə onunla bağlanmış müqavilə əsasında verə bilər.

AFFA-nın hüquqşünası Rəmiş Malıyev də sözügedən məlumatı “Qafqazinfo”ya açıqlamasında təsdiq edib. O bildirib ki, PFL klublara qadağanı tətbiq etmək üçün AFFA İntizam Komitəsinə müraciət etməlidir. Yalnız hüquqi müstəvidə bu məsələyə baxıldıqdan sonra belə bir məsələ reallaşa bilər:
 
“Ramin Musayev klubların əcnəbi futbolçulara görə quruma haqq ödəməsindən danışıb. Neçə müddətdir ki, PFL klublara güzəşt edirdi. Ödənişləri gecikdirsələr də, heç bir cəza tətbiq etmirdi və ya AFFA-ya bu barədə şikayət etmirdi. Amma PFL də özü maliyyələşən qurumdur. Onlara da ödənişlər vaxtında edilməlidir. Düzdür, PFL klublara özü-özlüyündə qadağa qoya bilməz, amma AFFA İntizam Komitəsinə müraciət edərək buna nail ola bilər. Federasiyada bu məsələyə baxıldıqdan sonra mümkündür ki, klublara transfer qadağası cəzası tətbiq edilsin”.

Banner