AFFA "İmişli"ni cəzalandırdı

AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyyət (0:3) verib.

Sportline.az xəbər verir ki, qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

Həmçinin oyununda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat ziyana düşüb. Matçın 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, buna görə komanda 3000 manat cərimələnib.

İclasda "Sumqayıt"la bağlı da qərar verilib. Qarşılaşmada "kimyaçılar"ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə komanda 5000 manat cərimə edilib.

Bundan başqa, IV turun "Şamaxı" – "Karvan-Yevlax" görüşündə meydan sahiblərinin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

"Neftçi" – "Sabah" matçının 45+2-ci dəqiqəsində flaqmanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Neftçi" klubu 3 000 manat cərimə edilib. Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "ağ-qaralar" 5 000 manat ziyana düşüb.