AMADA "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Bakıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adı altında beynəlxalq konfrans keçiriləcək.

Sportline.az xəbər verir ki, tədbir noyabrın 13-də baş tutacaq.

Konfransda dövlət rəsmiləri, olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), eləcə də digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, yerli və əcnəbi mütəxəssislər iştirak edəcəklər.

Sessiyalar üzrə davam edəcək konfransda ədalətli və dürüst yarış, idmanda hüququn aliliyi, yeni antidopinq qaydalarının formalaşması, həmçinin idmanda insan hüquqları kimi mövzular müzakirə olunacaqdır.

Tədbirin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.

Beynəlxalq konfransda çıxış edəcək əcnəbilər arasında WADA-nın İdmançılar üzrə Antidopinq Ombudsmanı Anna Thorstenson da yer alacaq.