AMİNA Lənkərana səfər etdi

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə milli idman növlərinin inkişafı ilə bağlı seminar keçirilib.

Sportline.az xəbər verir ki, seminarda Lənkəran İdman İdarəsinin rəisi Ramin Rəhimov, Lənkəran Olimpiya İdman Kompleksinin müdiri Elçin Daşdəmirov və cənub zonasının məşqçi-müəllim heyəti iştirak edib.

AMİNA-nın prezidenti Qurbanov Kazım Xanlar oğlu assosiasiya haqqında məlumat verib, milli idman növlərinin inkişafı üçün aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən, gələcəkdə görüləcək işlərdən və təcrübə proqramlarından bəhs edib:

“Regionlara səfərimizin əsas məqsədi bölgələrdə milli idman növləri ilə bağlı görülən işlərlə tanış olmaq və bu növlərə marağı daha da artırmaqdır. Həmçinin milli idman növlərinin hər zaman dünyada tanınması üçün assosiasiya olaraq əlimizdən gələni edəcəyik. Son olaraq keçirilən 1-ci MDB Oyunlarında da gücümüzü göstərdik, kəmər və koreş güləşində təmsil olunduq. 6 oğlan 2 qız ilə qatılmışdıq yarışa. Kəmər güləşində Sənubər 3-cü oldu. Koreş idman növündə isə Camal mütləq çəkidə çempion, Əlisəftər 2-ci oldu. Elvar isə bürünc medal götürdü. Niyyətimiz milli idman növlərinin inkişafı üçün əlimizdən gələni etməkdir”.

Daha sonra Azərbaycan Milli İdman Növləri Assosiasiyasının əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib, suallar cavablandırılıb.