Avropa Liqası finalı: "Tottenhem" "Mançester Yunayted"ə qarşı

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, İspaniyanın Bilbao şəhərinin “San Mames” stadionunda keçiriləcək oyuna maraq kifayət qədər böyükdür. Buna səbəb finalda eyni ölkəni təmsil edən komandaların üz-üzə gəlməsidir.

“Mançester Yunayted” liqa mərhələsini 18 xalla 3-cü, “Tottenhem” isə 17 xalla 4-cü pillədə başa vurmuşdu. 1/8 finalda “Real Sosyedad”ı, ¼-də “Lion”u, yarım finalda isə “Atletik Bilbao”nu məğlub edən “qırmızı-şeytanlar” finalda “Tottenhem”ə rəqib oldular.

London klubu isə finala qədər “Az-Alkmar”ı, “Ayntraxt”ı və “Budyo Qlimt”i mübarizədən kənarlaşdırmışdı.

Heyətlərə nəzər saldıqda “Mançester Yunayted”də əsas itki Lisandro Martinezin adı ilə bağlıdır. Dioqo Dalot, Matyas De Lixt və Coşua Zirkzenin durumu isə oyun saatında bəlli olacaq.

“Tottenhem”də Radu Draquşin, Deyan Kulusevski, Ceyms Meddison və Lukas Berqval baş məşqçi Ange Postekoğlunun sərəncamında olmayacaq.

Görüşü almaniyalı hakim Feliks Zvayer idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.