“Bundan sonra nə olacağını bilmirəm”
"Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandasının uğursuz çıxışlarından sonra gələcəyi ilə bağlı açıqlama verib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu Premyer Liqanın son turunda öz meydanında “Bornmut”a 0:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi üzərində təzyiq daha da artıb. Komanda bütün turnirlərdə ardıcıl 8 oyundur qələbə qazana bilmir.
Karrik “Sky Sports”a açıqlamasında vəziyyətin çətin olduğunu etiraf edib:
“Bu, çətin vəziyyətdir. Bundan sonra nə olacağını bilmirəm. Bu futbol klubu üçün həmişə ən yaxşısını etməyə çalışacağam. Nə dəyişəcək, nə baş verəcək, bunu gözləyib görəcəyik”.
Mütəxəssis azarkeşlərin ona dəstək göstərməsinə də münasibət bildirib: “Azarkeşlərlə belə bir məqamda aramızda yaranan bağlılıq məndə qarışıq hisslər yaradır. Bunu həzm etmək üçün zamana ehtiyacım var. Onların dəstəyini qiymətləndirirəm, amma vəziyyət göz qabağındadır. Kifayət qədər yaxşı çıxış etməmişik”.
Mətbuat konfransında yaxın günlərdə istefaya göndəriləcəyini gözləyib-gözləmədiyi soruşulan Karrik isə belə cavab verib: “Vəziyyəti tam başa düşürəm. Açığı, konkret nəsə gözləmirəm. Hər zamankı kimi işimi davam etdirirəm. Bu klubu sevirəm”.
Qeyd edək ki, “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş “Bornmut”la görüşdə ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb. Bu qərar portuqaliyalı futbolçunun əvvəlki oyundan sonra komandanın taktikasını tənqid etməsindən sonra diqqət çəkib.