Ayxan Abbasov: "Daha böyük təcrübəyə ehtiyacımız var"
“Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Heyətimizdə 7-8 yeni futbolçu yer alıb. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var”. SportLine.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
“Zirə” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə “Astra” ilə qarşılaşacaq.
Oyundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edən Abbasov matçla bağlı fikirlərini bölüşüb: “Avrokuboklarda ilk dəfə çıxış edirik, bu, bizim debüt mövsümümüzdü. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq.
Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə “Astra” haqda məlumat toplamaq elə də çətin deyil. Ümumi informasiyaya sahibik. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünürki, rəqib topla oynamağı sevir”.
Gənc çalışdırıcı rəqibin güclü komanda olduğunu xüsusi vurğulayıb: “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.