Badmintonçularımız Misirdən iki "qızıl"la dönür
Misirin paytaxtı Qahirədə keçirilmiş "Egypt International 2018" turnirində Azərbaycan badminton yığması 2 qızıl medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən SportLine.az saytına verilən məlumata görə, bunlar Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonidir.
Mübarizəyə əsas mərhələdən start verən Dviçayo ilk görüşündə Yunanıstan təmsilçisi İlias Xansounu texniki qələbə ilə üstələyib. 1/8 finalda o, Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21-6, 21-14), 1/4 finalda Mavriki təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Pola 2:0 (21-14, 21-18), yarımfinalda çexiyalı Milan Ludikə 2:0 (21-16, 21-8) hesabı ilə qalib gələrək, finala adlayıb. Həlledici qarşılaşmada Azərbaycan badmintonçusu macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib - 2:0 (21-16, 21-16) Beləliklə, Dviçayo kişilərin şəxsi yarışında "Egypt International 2018" turnirinin qalibi olub.
Edi Reski Dviçayo - Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/4 finalda Pakistan (Anjum Bəşir / Şahmer İltikhar), ardınca Misir (Əhməd Salah / Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gələn duet həlledici qarşılaşmada misirli Əli Əhməd Əl Xateb və malaziyalı Yogendran Krişnan cütünə 2:1 (18-21, 21-15, 21-18) hesabı ilə qalib gələrək kişilərin qoşa yarışında qızıl medala sahib olub.