Banişevskinin Ukraynada oynayan nəvəsi

Azərbaycan futbolunun və "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevski Ukraynada peşəkar futbolla məşğuldur. O, 2011-ci ildə “Neftçi”nin akademiyasında 9 nömrəli forma altında çıxış edib.

Sportline.az xəbər verir ki, hazırda Ukraynada yaşayan Banişevski Azərbaycanda “Neftçi”dən sonra bir neçə klubda, həmçinin Litvada oynayıb. Hazırda o, Ukrayna ikinci liqasında yarışan “Niva” komandasının formasını geyinir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov qeyd edib ki, Əli Banişevskinin yaşıl meydana qayıtmasında Ukraynada Azərbaycan diasporunun qurucularından olan xeyriyyəçi iş adamı Oktay Əfəndiyevin böyük rolu olub: “O, diasporun bütün sahələrinin inkişafı üçün çalışır. Bu yaxınlarda pandemiya səbəbindən Ukraynada çətin vəziyyətə düşmüş soydaşlarımıza verdiyi dəstəyə görə Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Ümumiyyətlə, idman sahəsinin inkişafı diasporumuzun prioritet istiqamətlərindəndir. Buna görə də yaranmış uğurlu fürsətdən istifadə edərək bir neçə gün öncə Əli Banişevskinin diasporun aparıcı şəxsləri ilə də görüşləri tərəfimizdən təşkil olunub. Ukraynada idman sahəsində soydaşlarımızın qazandıqları uğurlar Azərbaycan diasporunun təbliğatında mühüm faktordur”.

“BakuPost” saytı Əli Banişevski ilə əlaqə saxlayaraq onun qısa müsahibə edib.

- Sənin futbol karyeran Ukraynadan kənarda başlayıb. İlk təcrübən məhz harada olub?

- İlk dəfə Azərbaycanın paytaxtı Bakıda “Neftçi”də oynamışam. Bundan başqa, Azərbaycanın digər klublarında da çıxış etmişəm.

Əli, hər oyundan sonra sənin haqqında xoş təəssüratlar yaranır. Və hər qələbədən sonra baban Anatoli Banişevski yada düşür…

- Harada və necə oynamağımdan asılı olmayaraq, babam Banişevski hər zaman gözəl xatırlanır. Mən isə öz növbəmdə sözsüz, mükəmməl oynamalıyam.

Yəqin ki, həyatının futbolla kəsişdiyini bilsəydi, baban da səninlə fəxr edərdi. Bir müddət futboldan uzaq qalmışdın. Bundan sonrakı planların nədir?

- “Niva” komandasına demək olar ki, bir aydır gəlmişəm. Hələ ki, güc yığıb, özümü bir az da təkmilləşdirməliyəm. Çox peşəkar komanda ilə işləyirik. İlkin məqsədimiz vilayətin çempionu olmaqdır. Daha sonra isə yüksək nəticə əldə etmək üçün bütün gücümüzlə çalışacağıq. Yeri gəlmişkən, yerlim, azərbaycanlı Oqtay Əfəndiyev soyadımı eşidən kimi məni komandaya dəvət etdi. Buna görə bir daha minnətdarlığımı bildirirəm.