“Bizdə azarkeşliyə bayağı münasibət göstərirlər"

OLAN-QALAN PULUNU KOMANDALARIMIZIN YOLUNDA XƏRCLƏYƏN GƏNCLƏ MÜSAHİBƏ

“Kəpəz"in Avropa Liqasının ilk təsnifat mərhələsində “Daçiya" ilə cavab qarşılaşmasında Moldovaya səfər edən 40 nəfərlik nümayəndə heyətinin tərkibində idim. Təyyarəmiz Kişinyov Hava Limanına enəndə bizi gənc bir oğlan qarşıladı. Adı Şamildi. İlk tanışlıq zamanı məlum oldu ki, Şamil Mustafayev Gəncədəndir, 23 yaşı var. Hollandiyada Eyndhoven Texnologiya Universitetinin magistratura pilləsi üzrə 2-ci kursunda təhsil alır. Həm də yeni yaradılmış “Milli-dəstə" fan-klubunun rəhbəridir və  Moldova paytaxtına “Kəpəz"ə azarkeşlik etmək üçün gəlib. Yolboyu söhbət zamanı Şamilin komandalarımızı Avropa ölkələrində keçirdikləri oyunlarda dəstəkləmək üçün çəkdiyi əziyyət barədə danışdıqları heyrətimə səbəb oldu. Şəxsi hesabına komandalarımızı qürbətdə tək buraxmayan, əzab-əziyyətlə ətrafına azarkeş toplayan Şamilin fədakar fəaliyyətini işıqlandırmamaq azından insafsızlıq olardı.

- Şamil, necə oldu ki, “Milli-dəstə"ni yaratdın?

- Hollandiyada olduğum müddətdə Azərbaycan komandalarının və yığmalarının Avropa ölkələrindəki oyunlarına gedirdik. Məsələn, ötən il “Qarabağ"ın Avroliqada bütün səfər oyunlarında, “Qəbələ"nin Dortmunddakı matçında komandalarımızın yanında olmuşuq. Həmin oyunlarda azarkeşlərin komandalarımızı parakəndə şəkildə dəstəklədiynin, təşkilatçılığın yoxluğunun şahidi oldum. Əlbəttə, bir azarkeş kimi bu hallar məni qane edə bilməzdi.  Qərara gəldik ki, azarkeşləri bir çətir altında birləşdirək. Beləcə, mən, “İmarət-Avropa"nın rəhbəri Vüsal Əhmədov və “Neftçi"nin azarkeşi Orxanla birgə fan-klub yaratdıq. Ad üzərində çox düşündük və “Milli-dəstə" olmasına qərar verdik, qrupun atributlarını, o cümlədən, üzərində Babəkin şəkli əks olunmuş simvolunu yaratdıq.

- Fan-klub ilk dəfə hansı oyunda iş başında olub?

- Futzal komandamızın Hollandiyada keçirdiyi oyunda. 40 nəfərlə həmin qarşılaşmaya getdik. Onlardan 20-i aktiv azarkeşlər idi. Komandamız 5:1 hesabı ilə qalib gəldi. Daha sonra Maltada keçirilən “Balzan" - “Neftçi" oyununda iş başındaydım. İndi isə “Daçiya" - “Kəpəz". Deyəsən, ayağım düşərli oldu, hər 3 oyunda komandalarımız qələbə qazandılar. “Kəpəz"in “Admira Vaker"lə, “Qarabağ"ın “Düdelanj"la oyunlarında da stadionda olacam. Ümumiyyətlə, Avropa ölkələrində keçirəcəyi bütün oyunlarda komandalarımıza azarkeşlik etməyə çalışacam. Hələlik, Azərbaycan futbolunu, gələcəkdə isə digər idman növlərində komandalarımızı və idmançılarımızı dəstəkləyəcəyik. Özümüzlə başqa ölkələrə azarkeş aparmaq baha başa gəlir. Məqsədimiz oyunların keçiriləcəyi şəhərlərdə, ölkələrdə olan azərbaycanlıları oyun vaxtı bir yerə toplamaqdır. Başqa sözlə, təşkilatçılıq etməklə komandalarımızı tək qoymamaq.

- Hazırda “Milli-dəstə"nin neçə üzvü var?

- Cəmi 5 üzvümüz var. Hərəmiz fan-klubun bir işi ilə məşğul oluruq. Məsələn, biri bəstə yazır, digəri müəyyən təşkilati işlərlə məşğul olur və s. Amma getdiyimiz oyunlarda dairəmiz genişlənir, ətrafımıza bacardığımız qədər çox azarkeş yığırıq.

- Bəstə demişkən, “Kəpəz"in oyununda oxuduğun mahnıların sözləri kimə məxsusdur?

- Fan-klubun üzvü Vüsal Əhmədova. Hələlik, Azərbaycan musiqilərinin sözlərini dəyişməklə onları bir növ futbollaşdırırıq. İlk bəstəmiz məşhur “Əsgər marşı"üzərində yazılıb:

İşlərimi, dərslərimi atdım mən bir kənara,

Olan-qalan pullarımı xərclədim mən yollara,

Təki sən yalnız qalma, diş göstər rəqibinə,

Qələbə çal, adımızı ucalt təki göylərə.

Milli irəli, hey, milli irəli!

Dəstə bu gün sənlədir...

“Milli" sözü müvafiq oyunlarda komandaların adları ilə əvəzlənir. Məncə, ilk bəstəmiz pis alınmayıb. Özü də bəstələri həm azərbaycanca, həm də ingilis dilində ifa edirik. İngilis dilində səslənən bəstələrdə Avropanın məşhur klublarının marşlarının sözlərindən istifadə edirik. Amma gələcəkdə bunu özümüzün yazmağını planlaşdırırıq.

- Marşda “olan-qalan" pullarını yollara xərclədiyni deyirsən. İndiyə kimi komandalarımızı dəstəkləmək üçün yollara nə qədər pul sərf etmisən?

- Çox. Məsələn, “Neftçi"nin və “Kəpəz"in oyunlarına getmək üçün 500 avrodan çox pul xərcləmişəm. Moldovadan Avstriyaya - “Kəpəz"in növbəti mərhələdəki oyununa, oradan isə Lüksemburqa da gedəcəm. Yəqin ki, xərclər 1000 avroya çatacaq. Nə qədər pulum var, hamısını komandalarımızın yolunda xərcləməyə hazıram. Təki, onlar dəstəksiz qalmasınlar. Hollandiyada yaşadığım üçün istərdim ki, oyunlar ora yaxın ölkələrə düşsün. Belədə, məsrəf az olur. Məsələn, “Anderlext" - “Qarabağ" oyunu. “Milli-dəstə" o vaxt yaradılmamışdı. Amma uşaqlarla birlikdə təşkilatçılığı üzərimizə götürüb ətrafımıza 150-ə yaxın azarkeş yığa bildik. Neyləmək olar? Pul çox çıxır deyə, uzaqda keçirilən oyunlarda komandalarımızı azarkeşsiz qoyası deyiləm ki?

- Klublarımızdan “Milli-dəstə"yə dəstək olan var?

- Müəyyən köməklikləri gözləməyimiz təbiidir. Birincisi, səfər sektorunun təşkili. Bu, mütləqdir. İkincisi, biletlərlə bağlı məqam. Doğrudur, biletləri özümüz də əldə edə bilərik. Amma klubların verməsi daha məqsədəuyğundar. Üçüncüsü, bizə sırf xareoqrafiya üçün pul verilsə, yaxşı olar. Hollandiyada rəssam dostlarım var. Onlarla danışmışam, bizim üçün ucuz qiymətə böyük bannerlər hazırlamağa razılıq veriblər. “Kəpəz"in oyunu üçün banner hazırlamaq istəyirdik. Üzərində Kəpəz dağı, yanında isə Gəncə ilə bağlılığı olan bir tarixi şəxsin, məsələn, Cavadxanın şəkilini çəkməyi istəyirdik. Amma bu, bizə çox baha başa gəldi. Elə banneri hazırlatmağa Avropada haradasa, 1000 avroya yaxın pul lazımdır. Tələbədə bu qədər pul haradandır? Onsuz da, bacardığımız qədər iş görürük. Səfirliklərdən bayraq, uşaqlardan baraban alırıq ki, dəstəyimiz bir qədər “duzlu" olsun. “Neftçi" və “Kəpəz"in oyunlarında klublar bizə təşkilatçılq baxımından istədiyimiz yardımı etdilər. Amma Hollandiya - Azərbaycan matçında... Oyundan əvvəl adını açıqlamaq istəmədiyim AFFA rəsmisinə müraciət etdim ki, bizə 40 bilet versin. O da söz verdi ki, təşkil edəcək, amma oyundan 1 gün əvvəl biletlər bizə çatdırılacaq. Hollandiya Futbol Federasiyası ilə danışıb sektor götürdük. Biletlər tükənmək üzrə idi, həmin adamdan da səs çıxmırdı. Məcbur olub 5 avrodan 40 bilet aldım və azarkeşlərə öz qiymətinə satdım. Oyun günü həmin şəxs mənə zəng elədi ki, cəmi 3 bilet var. Əlbəttə, belə hallar futbolumuza olan sevgini azalda bilməz. Həmin oyun Azərbaycanda canlı yayımlanırdı və hamı da komandamızı necə dəstəklədiyimizin şahidi oldu. Kimdənsə heç nə istəməyə də bilərik. Sadəcə, söz verirlərsə, eləsinlər. Çox istərdik ki, Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında da komandamızı dəstəkləyək. Əlbəttə, özümüzün ora getməsi üçün vəsaitimiz yoxdur. Əgər AFFA bu işdə bizə yardım göstərsə, Kolumbiyada bütün dünyaya necə azarkeşlik etmək lazım olduğunu göstərə bilərik.

- Şamil, bu qədər xərcləri necə qarşılayırsan?

- Təhsili dövlət hesabına alıram. Dövlətin verdiyi pul ancaq təhsilə, evə, dərs ləvazimatlarına sərf olunur. Evdən göndərilən pulu isə boş şeylərə xərcləmirəm. Tələbə yoldaşlarım həftəsonu gəzməyə gedəndə mən evdə qalıram, pula qənaət edirəm. Yeməyi də kənarda yemirəm. Özüm bişirirəm ki, ucuz başa gəlsin. Mənim də aldığım ləzzət komandalarımıza azarkeşlik etməkdir.

- “Kəpəz"in “Daçiya" ilə oyununda 150-ə yaxın azarkeşin gəlməsi gözlənilirdi.

- Moldovaya gəlməmişdən əvvəl burada fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin rəhbərliyi ilə əlaqə saxladım, istəyimizi bildirdim. Konqresin rəhbəri Vüqar Novruzov Moldovada deyildi. Onun köməkçisi Səfər Məmmədov əvvəlcə 150 nəfərin gəlişini təşkil edəcəyini desə də, sonradan bu rəqəm 50-ə düşdü. Çünki çoxları yay mövsümün olduğuna görə burada yox idi. Avtobus təşkil etdilər, 40-a yaxın azərbaycanlı stadiona gəlib komandamıza dəstək oldu.

- Nə vaxta kimi komandalarımıza Avropada dəstək olacaqsan?

- Gələn ilin avqustunda təhsilimi başa vurub Vətənə dönəcəm. Buna baxmayaraq, axıra kimi bu işi davam etdirmək fikrindəyəm.

- Komplekssiz insansan...

- Doğrudur, məndə nəyəsə kompleks yoxdur. Bizdə azarkeşliyə bayağı münasibət göstərirlər. Hətta “bu uşağın başı xarab olub" və ya buna bənzər fikirlər qulağıma çatıb. Desinlər də. Nə qədər bacarıram, tribunadan komandalarımızı dəstəkləyəcəm, onların şəninə mahnılar oxuyacam. Azərbaycana qayıtdıqdan sonra “Milli-dəstə"nin çevrəsini böyütməyə çalışacam. İşləyib-qazanacam, xaricdəki oyunlara gedəcəm. Təki, komandalarımız bizi sevindirsinlər.

- Yəqin ki, Azərbaycandakı azarkeşliklən razı deyilsən.

- Son illər azarkeşlik bizdə inkişaf edib. Azarkeşlərin əksəriyyəti azyaşlılardır. Yaxşı olardı ki, gənclər və bir qədər yaşlı nəslin nümayəndələri də sevdikləri komandalara dəstək olsunlar. Azarkeşlik stadiona gəlib tum çırtlamaqdan ibarət deyil. Belələri azarkeş yox, tamaşaçıdır. Əsl azarkeş komandasını udsa da, uduzsa da onu oyunboyu dəstəkləyəndir.

- Fikrincə, Azərbaycanda ən yaxşı amiqo kimdir?

- Özüm “Kəpəz" azarkeşiyəm. Uzun müddət “Xəmsə" fan-klubunun üzvü olmuşam. Kiminsə adını çəkmək istəməzdim. Ölkəmizdə bir neçə klubun fan-klubının işini ancaq alqışlamaq lazımdır. Bura “Kəpəz", “Neftçi" və “Qarabağ" aiddir.

- Azərbaycana hansı sənət sahibi kimi dönəcəksən?

- Eyndhovendə Texnologiya Universitetində biznes-informasiya sistemləri üzrə təhsil alıram. Daha çox biznes proseslərinin analiz olunması, optimallaşdırılması və təyin olunması ilə məşğul olacam. Doğrudur, ölkəmizdə bu sahə zəif inkişaf edib. Təhsilimi başa vurduqdan sonra əgər mənimlə əməkdaşlıq edərlərsə, istənilən şirkətin  gəlirlərini artırmağa söz verə bilərəm.

- Vətənə tək qayıdacaqsan?

- (Gülür) Həyatın işini bilmək olmaz. 90 faiz əminəm ki, azərbaycanlı qızla ailə həyatı quracam.

Söhbətləşdi: İlqar TAĞIYEV
(Kişinyov, Moldova)
“Het-trik news” qəzeti